Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Regional məsləhət qrupunun rəhbəri seçilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan 3 il müddətinə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) dabaq xəstəliyi üzrə Regional məsləhət qrupuna rəhbərlik edəcək.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirdə qərar qəbul edilib. Azərbaycanda son illər heyvan sağlamlığının təmin olunması, həmçinin baytarlıq nəzarəti sahəsində həyata keçirilən tədbirlər və bu sahədə mütərəqqi sistemin formalaşması ilə bağlı əldə olunmuş müsbət nəticə əsas götürülərək 14 ölkənin baytarlıq təşkilatlarının rəhbər heyəti və ÜHST, FAO ekspertləri tərəfindən belə bir qərar qəbul olunub.
Tədbirdə qeyd olunub ki, hazırda Mərkəzi Asiya regionuna daxil olan 14 ölkə dabaq xəstəliyinin vəziyyətinə görə qeyri-sağlamdır. ÜHST-nin və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşəbbüsü ilə xəstəlikdən azad olunmaq üçün mərhələli mübarizə planı tətbiq edilir. Belə ki, xəstəliklə mübarizə səviyyəsinə görə ölkələr 1-dən 5-ə qədər mərhələlər üzrə qiymətləndirilir. Hər mərhələnin isə öz göstəriciləri var. Xüsusi tədbirlər tətbiq olunduqdan sonra ölkələr bir mərhələdən digərinə keçir. Növbəti 3 il ərzində ölkələr üzrə qiymətləndirmə Azərbaycanın rəhbərliyi ilə həyata keçiriləcək və bu barədə ÜHST-yə hesabat veriləcək. Hesabat qrupa üzv olan müstəqil ekspert və mütəxəssislərin iştirakı ilə hazırlanacaq. Həmçinin həmin müddətdə ölkəmizin rəhbərliyi ilə təlimlərin, simulyasiya məşqlərinin, məlumat yayımının və digər bu kimi məsələlərin icrası koordinasiya ediləcək.
Qeyd edək ki, xırdabuynuzlu heyvanların taunu xəstəliyinə (PPR) və dabaq xəstəliyinə dair Bakıda təşkil olunan regional məsləhətləşmənin məqsədi taun xəstəliyinə və dabaq üzrə fəaliyyət planını, onun əsas elementlərini təqdim etmək, həmçinin ECO regionunda PPR-nin aradan qaldırılmasında irəliləyişə nail olmaq üçün prioritet addımları və yanaşmaları müəyyən etməkdən ibarətdir.