ELM VƏ TƏHSİL
Azərbaycan Universitetində təlim: karyerada ilk addım
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Universitetinin tələbələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən “Karyerada ilk addım” adlı təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimçi Əhəd Kazımlının apardığı təlim məzun və tələbələrin əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədi daşıyır.
Təlimdə tələbələrin hazırkı iş həyatında və gələcək karyeralarında düzgün və uğurla irəliləmək, idarəetmə bacarıqlarına sahib olmaq üçün zəruri məlumatlar verilib.
Təlim universitetdə təhsil müddətində ixtisas üzrə təcrübə və staj keçmə imkanlarının araşdırılması, ictimai işlərdə iştirak, könüllülük təcrübəsi, peşəkar karyeranın təməli və inkişaf etdirilməsi, komandanın qurulması, təqdimat bacarıqları, CV hazırlama və müsahibəyə hazırlıq qaydaları kimi mövzuları əhatə edib.
İnteraktiv şəkildə keçirilən təlimdə tələbələr karyera planlaması ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.