AZƏRBAYCAN UŞAQ HÜQUQLARININ QORUNMASI SAHƏSİNDƏ MÜHÜM NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Akif Saatçıoğlu respublikamızda işlədiyi müddətdə YUNİSEF-in həyata keçirdiyi yardım proqramları, Azərbaycanın qaçqın və məcburi köçkünlərinə göstərdiyi yardım və qayğı barədə nazirə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, onun işlədiyi dövrdə YUNİSEF-in Bakı ofisi xeyli genişlənmiş və büdcə imkanları artmışdır, bu isə öz növbəsində qaçqın və məcburi köçkünlərin qayğılarına qalmağa müsbət təsir göstərmişdir. Akif Saatçıoğlu təmsil etdiyi qurumun Azərbaycanda səmərəli fəaliyyəti üçün şərait yaradılmasına və sıx əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir.
Nazir Elmar Məmmədyarov bildirmişdir ki, Azərbaycan uşaq hüquqlarının qorunması sahəsində son bir il ərzində sanballı nailiyyətlər əldə etmişdir. Beynəlxalq Əmək Təşkilatının Uşaq əməyinin ən pis formalarının qarşısının alınmasına yönəlmiş 182 nömrəli Konvensiyasının, Avropa Sosial Xartiyasının, Beynəlxalq Övladlığa Götürmə üzrə Haaqa Konvensiyasının ratifikasiyasını bu uğurlara aid etmək olar. Nazir Elmar Məmmədyarov qeyd etmişdir ki, Azərbaycan gələcəkdə də Uşaq Hüquqları haqqında Konvensiyanın və BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş 27-ci xüsusi sessiyasının yekun sənədinin həyata keçirilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.
Respublikamızın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov daha sonra Akif Saatçıoğlunun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycanla YUNİSEF arasında əməkdaşlığın möhkəmlənməsi üçün göstərdiyi səylərə görə ona təşəkkürünü bildirmiş və bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.