“Azərbaycan Uşaqları” İctimai Birliyinin nümayəndəsi “Qalib ölkənin qalibləri-2023” mükafatını alıb
Bakı, 26 dekabr, AZƏRTAC
“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən Səma Cümşüdova mükafatlandırılıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, S.Cümşüdova dekabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Qalib ölkənin qalibləri-2023” tədbirində təltif olunub.
Ona “Mübariz ruh” nominasiyası üzrə diplom, mükafat və hədiyyə təqdim edilib.
Qeyd edək ki, tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri və regional nümayəndələri də daxil olmaqla respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan 100-ə yaxın uşaq iştirak edib.