AZƏRBAYCAN VƏ ABŞ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də iqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin ticarət və biznes məsələləri üzrə xüsusi nümayəndəsi Frank Mermudla görüşmüşdür. Heydər Babayev ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders ilə bir neçə gün əvvəl keçirdiyi görüş barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, görüşdə danışıqların əsas predmeti Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olmaq prosesi ilə bağlı görülən işlər haqqında olmuşdur. Səfirlə görüşdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq münasibətləri, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasının keçirilməsi məsələləri də müzakirə edilmişdir.
Heydər Babayev ABŞ iş adamlarını Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə əməkdaşlığı genişləndirməklə ölkə iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir.
Nazir ölkələrimiz arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulamış, bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini diqqətə çatdırmışdır.
ABŞ Dövlət Departamentinin ticarət və biznes məsələləri üzrə xüsusi nümayəndəsi Frank Mermud səfəri çərçivəsində maliyyə naziri Samir Şərifov ilə bugünkü görüşündə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının keçirilmə tarixi, bu tədbirdə müzakirə olunacaq məsələlər barədə danışıqların aparıldığını söyləmişdir. F.Mermud nəqliyyat nazirinin müavini Musa Pənahovla keçirdiyi görüşdə də bir sıra məsələlərin, o cümlədən nəqliyyat sahəsində infrastrukturun inkişafında ABŞ şirkətlərinin potensialından istifadə məsələsinin müzakirə olunduğunu bildirmişdir.
Qonaq ölkəmizin DTT-yə üzv olmaq təşəbbüsünün ABŞ tərəfindən dəstəkləndiyini, bunun üçün qanunvericilikdə bəzi sahələr üzrə dəyişikliklərin edilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
