AZƏRBAYCAN VƏ ABŞ MÜDAFİƏ NAZİRLƏRİNİN MƏTBUAT KONFRANSI
Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld qısa çıxış edərək dedi ki, mən bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə və müdafiə naziri Səfər Əbiyevlə görüşmüşəm. Bu görüşlərdə, ilk növbədə, onlara Amerika xalqının təşəkkürünü çatdırdım. Ona görə ki, 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan ABŞ-a yardımını təklif etmiş ilk ölkələrdən biridir və öz ərazisi üzərindən uçuşlara icazə vermiş, eləcə də sülhməramlı qüvvələrini terrorizmə qarşı qlobal müharibədə iştirak etmək üçün göndərmişdir. Bu gün Azərbaycanın sülhməramlı qüvvələri İraqda və Əfqanıstanda koalisiya qüvvələri ilə birgə fəaliyyət göstərirlər. Bundan əlavə, biz NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edirik ki, bu da təşkilata üzv olan 26 ölkənin hər biri üçün faydalıdır. Prezident və müdafiə naziri ilə görüşümüzdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlıq imkanlarını müzakirə etdik. Burada beynəlxalq terrorizmə qarşı birgə mübarizə, qaçaqmalçılığın, narkotiklərin daşınmasının, eləcə də kütləvi qırğın silahlarının qarşısının alınmasında əməkdaşlıq xüsusi yer tutur. Amerika xalqı Azərbaycanın terrorizmə qarşı qlobal müharibədə göstərdiyi yardımı yüksək qiymətləndirir və biz bu sahədə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik.
Sonra nazirlər jurnalistlərin suallarına cavab verdilər.
Donald Ramsfeld Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında ABŞ-ın Azərbaycana ciddi dəstəyinin nə vaxt hiss edilə biləcəyi barədə suala cavabında bir daha təkrar etdi ki, bu problemin həlli ATƏT-in Minsk qrupuna həvalə olunmuşdur və sülh danışıqları davam edir. ABŞ Minsk qrupunun digər iki həmsədri ilə məsələni daha yaxından izləməkdədir. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
General-polkovnik Səfər Əbiyev İraqda keçiriləcək seçkilərin təşkilində beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibində Azərbaycan hərbçilərinin iştirak edib-etməyəcəkləri barədə suala cavabında vurğuladı ki, bu, siyasi məsələdir və hərbçilər siyasi qərar qəbul olunduqdan sonra öz sözlərini deyə bilərlər. Hazırda İraqda Azərbaycanın sülhməramlı kontingenti var və o, öz funksiyasını yerinə yetirir.