AZƏRBAYCAN VƏ FİNLANDİYA PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Sentyabrın 29-da Prezident sarayında Azərbaycan və Finlandiyanın dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti xanım Tarya Haloneni bir daha salamladı, bu səfərin ölkələrimiz və xalqlarımız arasında dostluğun, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına xidmət etdiyini bildirdi.
Dövlətimizin başçısı dedi ki, xanım Tarya Halonenin bugünkü səfərindən çox məmnunuq və keçiriləcək görüşlər, aparılacaq müzakirələr Azərbaycan-Finlandiya münasibətlərinin daha da genişlənməsinə imkan yaradacaqdır. Bu baxımdan ikitərəfli münasibətlərə aid bir çox məsələlərin, o cümlədən iqtisadi, siyasi, mədəni sahələrə, beynəlxalq əməkdaşlığa aid olan məsələlərin müzakirəsi əhəmiyyətlidir.
Prezident İlham Əliyev iqtisadi məsələlərə toxunaraq vurğuladı ki, sabah Bakıda biznes forumu keçiriləcəkdir. Ümidvaram ki, bu, Azərbaycan və Finlandiyanın iş adamları arasında əlaqələrin yaranmasına, Finlandiyanın Azərbaycana sərmayə qoymasına stimul olacaqdır. Azərbaycan regional, beynəlxalq miqyaslı layihələr həyata keçirməkdədir. Finlandiya da bu layihələrin icrasına öz töhfəsini verə bilər. İkitərəfli münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün böyük potensial vardır.
Azərbaycana rəsmi səfərə gəlməsindən, ötən on il ərzində ölkəmizdə baş verən iqtisadi dirçəlişi görməsindən məmnun olduğunu xüsusi vurğulayan Finlandiya Prezidenti Tarya Halonen ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığını yüksək qiymətləndirdi. O bildirdi ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin daha da genişləndirilməsinə Finlandiya da tərəfdardır. Finlandiya gələn ildən Avropa Birliyinə sədrlik edəcəyi dövrdə bu məsələlərə xüsusi diqqət yetirəcəkdir. Ali qonaq vurğuladı ki, Azərbaycan Avropa Birliyinin “Yeni qonşuluq siyasəti”nə qoşulmuşdur. Azərbaycanın Avropa Birliyinə daha da yaxınlaşması, Avropaya daha da sıx inteqrasiya etməsi üçün Finlandiya əlindən gələn köməyi göstərəcəkdir.
Prezident Halonen Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq dedi ki, Finlandiya bu problemin həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində son illər ərzində çox çalışıb və fəal işləyibdir. Əfsuslar olsun ki, problem bu günə qədər həllini tapmamışdır. Bununla yanaşı, Avropa Birliyi, o cümlədən Finlandiya hesab edir ki, problem yalnız danışıqlar yolu ilə həll olunmalı, dinc yolla aradan qaldırılmalıdır.
Prezident Tarya Halonen Prezident İlham Əliyevi Finlandiyaya rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.