AZƏRBAYCAN VƏ İRAN PREZİDENTLƏRİNİN SON GÖRÜŞÜ ƏLAQƏLƏRİMİZİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ AÇMIŞDIR
Oqtay Əsədov qonağı səmimiyyətlə salamladıqdan sonra ölkələrimiz arasındakı qədim dostluq, qonşuluq əlaqələrinin tarixindən söhbət açmış, münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. O demişdir ki, Azərbaycan və İran Prezidentlərinin bu günlərdə Naxçıvandakı görüşləri və apardıqları danışıqlar, əldə olunmuş razılaşmalar əlaqələrimizin inkişafında yeni mərhələ açmışdır. Parlamentlərimiz yaranmış şəraitdən maksimum istifadə edərək, əlaqələrini daha da genişləndirməlidir. Milli Məclis bu istiqamətdə əlindən gələni edəcəkdir.
Həsən Noi Əqdəm səmimi qəbula və xoş sözlərə görə, minnətdarlığını bildirmiş, İran İslam Şurası Məclisinin sədri adından və öz adından, Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmişdir. O demişdir ki, İran tərəfi qonşu, qardaş Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Qonaq ölkəsinin parlament sədrinin dəvət məktubunu Oqtay Əsədova təqdim etmişdir.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İranın ölkəmizdəki səfiri Əfşar Süleymani və digər rəsmi şəxslər iştirak etmişlər.