RƏSMİ XRONİKA
AZƏRBAYCAN VƏ İSRAİL XALQLARI ARASINDA MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR
İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ŞİMON PERESİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Bakı, 29 iyun (AZƏRTAC). İyunun 28-də İsrail Dövlətinin Prezidenti Şimon Peresin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti Şimon Peresi böyük səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi.
İsrailin və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları İlham Əliyev və Şimon Peres fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İsrail Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Şimon Peresə, İsrail nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
######