Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Kimya İnstitutu tərəfindən birgə tədqiqat layihələri həyata keçirilir. Layihələrdən biri Acınohur və Təbinbulaq yataqlarının vanadium-titan tərkibli xammalından, eləcə də texnogen tullantılardan vanadiumun çıxarılması üçün yeni texnologiyanın hazırlanmasına həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirib.
Layihə “Vanadiumun titanmaqnetit filizi və texnogen tullantılarından çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması” adlanır. Layihənin əsas məqsədi Azərbaycanda yerləşən Acınohur yatağından və Özbəkistandakı Təbinbulaq yatağından əldə edilən vanadium-titan tərkibli mineral xammal və konsentratlardan, eləcə də texnogen tullantılardan vanadiumun selektiv şəkildə çıxarılması üçün kompleks texnologiyanın hazırlanmasıdır.
Tədqiqat zamanı maqnit separasiyası, qələvi və soda ilə emal, hidrometallurgiya və ekstraksiya üsullarının kombinasiyasından istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda, metallurgiya şlakları və sənaye tozları kimi texnogen tullantıların emala cəlb edilməsi və onların tərkibindəki qiymətli komponentlərin əldə olunması imkanları araşdırılacaq. Layihə çərçivəsində vanadium və titan tərkibli xammalın emal proseslərinin kinetik və termodinamik xüsusiyyətlərinin öyrənilməsi, optimal texnoloji parametrlərin müəyyənləşdirilməsi və laboratoriya miqyasından yarımsənaye miqyasına keçid üçün texnoloji sxemin hazırlanması nəzərdə tutulur. Gələcək mərhələdə əldə ediləcək nəticələrin vanadium oksidi, titan oksidi və vanadium-titan əsaslı materialların istehsalında tətbiqi imkanlarının qiymətləndirilməsi planlaşdırılır. Layihənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, tədqiqatlar Azərbaycan və Özbəkistanın mineral xammal ehtiyatlarının və sənaye tullantılarının öyrənilməsi əsasında aparılmaqla, iki ölkənin elmi potensialının birgə istifadəsini nəzərdə tutur. Layihələrdə Kimya İnstitutunun Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının əməkdaşları ilə yanaşı, digər elm və ali təhsil müəssisələrinin tədqiqatçıları da iştirak edirlər.
Layihənin nəticələri əsasında elmi məqalələrin beynəlxalq elmi jurnallarda dərc olunması və yeni texnoloji həllərin patentləşdirilməsi də nəzərdə tutulur.
Müxbir - Tünzalə Arazlı