AZƏRBAYCAN VƏ QAZAXISTAN KOMANDALARININ GÖRÜŞÜ HEÇ-HEÇƏ BAŞA ÇATDI
Macarıstanlı hakimlərin idarə etdiyi oyun komandaların qarşılıqlı hücumları şəraitində keçmişdir. Görüşün 3-cü və 6-cı dəqiqələrində Azərbaycan yığmasının oyunçusu Leandro Qomeş, 13-cü dəqiqəsində isə Vaqif Cavadov rəqib komandanın qapısı qarşısında yaranmış real qol vəziyyətlərindən istifadə edə bilməmişlər. Oyunun 16-cı dəqiqəsində Andre Luis Ladaqa Qazaxıstan komandasının qapısından ilk topu keçirmişdir. Lakin 36-cı dəqiqədə qonaqların futbolçusu Dimitri Byakov hesabı bərabərləşdirmişdir. Oyunun ikinci hissəsində Azərbaycan komandasının qələbə üçün real imkanları olsa da, futbolçularımız dəqiq zərbə vura bilməmiş və görüş heç-heçə sona çatmışdır (1:1).
Xatırladaq ki, komandalar arasında cavab oyunu 2007-ci il iyunun 6-da Astana şəhərində olacaqdır. “A” qrupunda təmsil olunan Azərbaycan və Qazaxıstan komandaları keçirdikləri ilk oyunlarında da qələbə qazanmamışlar. Belqradda Azərbaycan komandası Serbiya yığmasına 0:1 hesabı ilə uduzmuşdur. Brüsseldə isə Belçika və Qazaxıstan komandalarının görüşü qolsuz bərabərliklə başa çatmışdı (0:0).
13-cü dəfə keçirilən Avropa çempionatının seçmə qrup oyunları 2007-ci ilin noyabrın 21-dək davam edəcəkdir. Final mərhələnin oyunları isə 2008-ci il iyulun 7-dən 29-dək İsveçrə və Avstriyada keçiriləcəkdir. Bu mötəbər yarışda 4-cü dəfə iştirak edən Azərbaycan yığmasının növbəti seçmə qrup oyunu oktyabrın 7-də Lissabon şəhərində Portuqaliya komandası ilə olacaqdır.