AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİ MÜNASİBƏTİLƏ ANKARADA BİR SIRA TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 28-də Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Demokratik Respublikasının (ADR) 90 illik yubileyi münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Ankaranın Cəbəçi məzarlığında ADR parlamentinin sədri Məmməd Əmin Rəsulzadənin qəbirüstü abidəsinin açılış mərasimi olmuşdur. Mərasim iştirakçıları abidənin önünə əklil qoymuşlar.
Mərasimdə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət və hökumət nümayəndələri bu abidənin açılışında və ADR-in yubileyi ilə bağlı digər tədbirlərdə iştirak edirlər. Əli Həsənov demişdir ki, M.Ə.Rəsulzadə və onun silahdaşları müsəlman Şərqində ilk demokratik cümhuriyyət qurmuş, bununla da xalqımızın müstəqillik ideyalarını həyata keçirmişlər.
Mərasimdə Milli Məclisin deputatı Yaqub Mahmudov, Krım Türkləri Dərnəyinin sədri Əhməd İhsan Krımlı, Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və digərləri Şərqdə ilk cümhuriyyətin yaranmasının tarixi əhəmiyyəti və süquta uğramasının səbəbləri barədə danışmışlar.
Sonra, Ankaradakı “Dədəman” hotelində “Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ili və türk dünyasına toplu baxış” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, 90 il əvvəl qurulan Azərbaycan Demokratik Respublikası Şərqdə və türk dünyasında ilk demokratik xalq cümhuriyyəti idi. Mürəkkəb, ziddiyyətli daxili və xarici amillərin təsiri altında cəmi 23 ay yaşamasına baxmayaraq, ADR xalqımızın dövlət qurmaq iradəsini və müstəqillik əzmini ortaya qoymuşdur. Beləliklə, 70 ildən sonra Azərbaycan xalqı cümhuriyyətin bütün atributlarını - himnini, gerbini və bayrağını yenidən bərpa etmişdir. İndi, Azərbaycan xalqı elə bir zirvəyə çatmışdır ki, ADR-in qurucularının müstəqillik ideyalarını qorumağa qadirdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünyada enerji təhlükəsizliyinin ilk planda olduğu bir şəraitdə təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin də beynəlxalq aləmdə gücünü və nüfuzunu artırmışdır. Əli Həsənov demişdir ki, qardaş ölkələrimizdə ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” və böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” müdrik kəlamlarına əməl etməyən siyasətçilər iflasa məhkumdur.
Daha sonra, Milli Məclisin deputatı Yaqub Mahmudov ADR-in fəaliyyətindən, o zaman Azərbaycanda və Türkiyədə erməni-daşnak və bolşevik hücumlarına qarşı mübarizədən faktlarla bəhs etmişdir. Krım Türkləri Dərnəyinin sədri Əhməd İhsan Krımlı, Azərbaycan Kültür Dərnəyinin sədri Cəmil Ünal və digərləri də Türkiyə və Azərbaycan xalqlarının istiqlaliyyət mübarizəsində birliyindən danışmışlar.
ADR-in 90 illik yubileyi çərçivəsində Ankaradakı Heydər Əliyev adına orta məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgi keçirilmişdir.
Axşam isə Heydər Əliyev parkında Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupunun konserti olmuşdur.
Tədbirlərdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.
######
