Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü Aktauda onlayn tədbirlə qeyd edilib
Aktau, 28 may, AZƏRTAC
Azərbaycanın Aktaudakı Baş Konsulluğunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə onlayn tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin Aktaudakı baş konsulları, vilayət diaspor üzvləri və KİV nümayəndələri iştirak edirdilər.
Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elmar Məmmədov bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünü ölkəmizdə Vətən müharibəsində qazandığımız qələbə və torpaqlarımızın işğaldan azad edildiyi bir şəraitdə qeyd olunduğunu bildirib.
Elmar Məmmədov Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmasını, sentyabrın sonunda başlamış 44 günlük müharibədə ölkəmizin 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edildiyini fəxrlə vurğulayıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən, qısa müddətdə ciddi uğurlara imza atmasından, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlərin qurulmasından bəhs edib.
Xalqımızın milli azadlıq mübarizəsindən, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi çətinliklərdən danışıb.
Rəşad Məmmədov bildirib ki, Azərbaycan və Qazaxıstanı tarixi köklərimiz və mədəniyyətimizdən başqa, mehriban qonşuluq münasibətlərinin sonrakı inkişafına olan inam və cəhd birləşdirir. Ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin səmərəli əməkdaşlıqla davam edirildiyini bildirən səfir, Nur-Sultan şəhərində fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin yaxın günlərdə Aktauda filialının açılacağını deyib.
Diplomat bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik şəkildə inkişaf edir. Dövlətimizin başçısının uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar, eləcə də fəal xarici siyasət sayəsində Azərbaycan bu gün bölgənin lider ölkəsinə çevrilib.
Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Qazaxıstan rəsmiləri, Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağladığını, eyni soy-kök, eyni mədəni və mənəvi amillərin mühüm önəm kəsb etdiyini bildiriblər.
Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir.
Çıxışlarda bu cür konfransların xalqlarımız arasında dialoq və əməkdaşlığa, regionda sülh və əmin-amanlığa töhfə verməsinə xidmət etdiyi vurğulanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau