Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunması diqqətdə saxlanılır
Bakı, 28 fevral, AZƏRTAC
Dövlətimiz tərəfindən Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin qorunması və mühafizəsi diqqətdə saxlanılır. Amma bu sahədə kifayət qədər nöqsanlar mövcuddur. Bunun üçün islahatlara başlamağın vaxtıdır.
Cəmiyyətin hər bir üzvünün mədəniyyət sahəsinin inkişaf etdirilməsinə və onun qorunmasına cəlb edilməsi mühüm vəzifələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin birinci müavini Adil Kərimli fevralın 28-də parlamentdə keçirilən birgə dinləmədə deyib.
Nazir müavini bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə institusional yanaşması təqdirəlayiqdir. Dövlət strategiya sənədinin hazırlanması çox mühümdür. Bu baxımdan qeyri-maddi irs nümunələrinin qorunması ilə bağlı yeni qanun layihəsi zamanın tələbidir.
Azərbaycan dili ilə bağlı sahədə də boşluqların olduğunu diqqətə çatdıran nazir müavini bu istiqamətdə daha dolğun və strateji islahatların aparılmasının vacibliyini qeyd edib. O, bu işdə cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacibliyini vurğulayıb.