AZƏRBAYCAN XƏZƏR DƏNİZİNDƏ RADİOAKTİV ÇİRKLƏNMƏ MƏNBƏYİ DEYİLDİR
Məlumdur ki, Xəzəryanı ölkələrdə nüvə texnologiyaları vahidləri və nüvə reaktorları var və onların fəaliyyəti prosesində külli miqdarda radioaktiv tullantılar yaranır. Bütün bunlar isə son nəticədə dənizin radioekoloji və radiasiya təhlükəsizliyi problemlərinə gətirib çıxarır. Vəziyyətin pisləşməsində Xəzər dənizində neft-qaz hasilatının və neft məhsullarının nəql olunmasının da müəyyən rolu var. Neft-qaz hasilatında radioaktiv elementlərin tətbiqi, lay sularında radioaktiv izotopların yüksək səviyyəsi dənizdə lokal çirklənmə ocaqlarının yaranmasına səbəb olur.
Azərbaycan ekspertinin fikrincə, dənizdə radionuklidlərin səviyyəsinin artmasının və radiasiya təhlükəsizliyinin pozulmasının əsas mənbələri Ermənistan AES-in fəaliyyəti, İranın Buşəhr şəhərində tikilməkdə olan nüvə energetika reaktoru və bu şəhərdə Fransa mütəxəssislərinin iştirakı ilə inşa edilmiş nüvə tədqiqat reaktoru, Gürcüstanda fəaliyyətini müvəqqəti dayandırmış nüvə reaktoru, Qazaxıstanda və Rusiyanın Volqa çayı boyunda yerləşən nüvə qurğuları, Aktauda sürətli neytronlarla işləyən RN-350 nüvə reaktoru, Xəzər dənizində neft-qaz hasilatı ilə əlaqədar işlərdir.
Lakin, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin hesablamalarına görə, hazırda Xəzərdə radionuklidlərlə çirklənmənin səviyyəsi normadan aşağıdır. Bu səviyyənin müəyyən artımı Çernobıl qəzasından sonra müşahidə edilmişdir.