ELM VƏ TƏHSİL
Azərbaycan Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının Baş Assambleyasında təmsil olunur
Bakı, 3 noyabr, AZƏRTAC
Rusiya Federasiyasının Dağıstan Respublikasında Dağıstan Dövlət Universitetinin bazasında Xəzəryanı Ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının XXV Baş Assambleyası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İrandan təxminən 40 universitet və tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Baş Assambleyanın açılışında deyib: “Xəzəryanı ölkələrin Assosiasiyası unikal birlikdir. Bu birliyin tədqiqat işləri Xəzər regionu üçün çox mühüm gündəliyi formalaşdırır, xüsusən, söhbət “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasından gedir. Xəzər regionunda bu vahid təhsil məkanının yaradılması bu gün həmin dəhlizin inkişafı üçün xüsusi aktuallıq kəsb edir”.
Bundan başqa, o əlavə edib ki, respublikanın hökuməti Xəzəryanı ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının hər hansı birgə layihə və proqramlarının həyata keçirilməsi üzrə fəaliyyətinə dəstək verməyə hazırdır və Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın dövlət universitetləri arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.
Qeyd edək ki, Assambleyanın proqramı üç gün - noyabrın 2-dən 4-dək olan müddətə nəzərdə tutulub. Tədbir çərçivəsində müxtəlif platformalarda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi: elm və təhsil sahəsində inteqrasiya”, “Cənubi Rusiya və Xəzər regionunun bioloji müxtəlifliyinin monitorinqi, idarə edilməsi və mühafizəsi”, “Xəzər regionu xalqlarının sosial, tarixi və çoxmədəniyyətli irsi” mövzularında panel diskussiyalar aparılacaq.