MƏDƏNİYYƏT
Azərbaycan Yazıçılar Birliyində “Zərrə mənəm, günəş mənəm” kitabının təqdimatı olub
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Yazıçılar Birliyində tərtibçisi və redaktoru yazıçı-publisist Mustafa Çəmənli olan “Zərrə mənəm, günəş mənəm” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, yeni nəşr Prezident İlham Əliyevin görkəmli şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə imzaladığı müvafiq Sərəncama əsasən ərsəyə gəlib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, albom-kitaba görkəmli şairə həsr olunmuş məqalə və esselər, şeirlər, şairin şeirlərinə yazılmış mahnı mətnləri, onunla bağlı çəkilmiş portret şəkillər, illüstrasiyalar, heykəllərin reproduksiyaları toplanıb. Kitaba, həmçinin şairin 600 illik yubiley tədbirlərini əks etdirin tarixi fotolar, “Nəsimi” filmindən və səhnə əsərlərindən fraqmentlər da əlavə olunub.
Kitabın redaktorunun yaradıcılığı və publisistikası haqqında danışan R. Məcid qeyd edib ki, onun yaradıcılığında hər zaman ciddi mövzuları öyrənirik: “Bu kitab da Nəsiminin 650 illiyinə həsr olunub. Bu kitabda Nəsimi irsinə hörmət və ehtiram öz yerini tapıb. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər şəxslər çıxış edərək “Nəsimi ili” çərçivəsində ölkəmizdə keçirilən silsilə tədbirlərdən, şairin yaradıcılığına dövlət tərəfindən verilən qiymətdən, onun irsinin dünyada geniş təbliğindən danışıblar. Vurğulanıb ki, “Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın inkişafına, böyük mütəfəkkirin irsinin, şairin ideallarının populyarlaşmasına böyük təkan verərək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırıb.
Yazıçı-publisist Mustafa Çəmənli çıxış edərək kitabla bağlı məlumat verib, önəmini qeyd edib. O, kitabda toplanmış materiallara görə, Mədəniyyət Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Milli Kitabxana, Dövlət Teatr Muzeyi və Dövlət Kino-foto Sənədləri Arxivinin əməkdaşlarına təşəkkür edib.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilmiş “Zərrə mənəm, günəş mənəm” adlı kitabın ideya müəllifi Tural Axundovdur.