Azərbaycan yığması boks üzrə dünya çempionatının ümumkomanda hesabında üçüncü yeri tutub
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan yığması Dohada keçirilən kişilər arasında boks üzrə dünya çempionatının ümumkomanda hesabında üçüncü yeri tutub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı boksçuların hesabında dörd medal - bir qızıl, bir gümüş və iki bürünc medal var.
Birinci yeri 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Kuba yığması tutub. Rusiya yığması 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ikinci yerdədir.
Xatırladaq ki, komandamızda dünya çempionu titulunu 52 kiloqramadək çəki dərəcəsində Elvin Məmişzadə qazanıb. Albert Səlimov (60 kiloqramadək) gümüş, Pərviz Bağırov (69 kq) və Əbdülqədir Abdullayev (91 kq) bürünc medala layiq görülüblər.
Elvin Məmişzadə və Pərviz Bağırov 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıblar. Azərbaycanın ilk olimpiya lisenziyasının sahibi Albert Səlimov olub. Dünya və Avropa çempionu 60 kiloqramadək çəki kateqoriyasında “Baku Fires” klubunun heyətində “WSB Liqa” reytinqdə birinci yeri tutub.