“Azərbaycana ixracın xüsusiyyətləri” mövzusunda məsləhətləşmələr təşkil olunacaq
Moskva, 2 fevral, AZƏRTAC
Fevralın 4-də Rusiya İxrac Mərkəzi “Azərbaycana ixracın xüsusiyyətləri” mövzusunda növbəti beynəlxalq məsləhətləşmələr keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Volqoqrad vilayətinin Sənaye siyasəti, ticarət və yanacaq-energetika kompleksi üzrə Komitəsi məlumat yayıb. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev bu ölkədə biznesin aparılmasının xüsusiyyətlərindən söhbət açacaq, yerli bazara çıxış və ixracın genişləndirilməsi barədə tövsiyələrini bölüşəcək.
Məsləhətləşmələr çərçivəsində nəzərdə tutulan “Sual-cavab” sessiyasında iştirakçılar özləri üçün aktual olan ekspert mövqeyini öyrənmək və Azərbaycan bazarına çıxmaq strategiyasını ətraflı fikirləşmək fürsəti əldə edəcəklər.
Gömrük statistikasının məlumatına görə, Volqoqrad vilayətinin Azərbaycana ixracı 2021-ci ilin yanvar-noyabr aylarında 35 milyon dollardan artıq, 2020-ci ildə isə təqribən 44 milyon dollar təşkil edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva