Azərbaycanda aqrar məsləhət platformaları yaradılır
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanda aqrar məsləhət platformaları yaradılır. Aqrar məsləhət xidmətinin fermerlər üçün (xüsusilə kiçik və orta fermerlər) əlçatan etmək məqsədilə təklif edilən məhsul əsaslı məsləhət platformaları Azərbaycanın 2 bölgəsində sınaqdan keçirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, platformalar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və FAO tərəfindən həyata keçirilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində yaradılıb. Layihənin pilot regionları seçilmiş Gəncə-Qazax və Quba-Xaçmaz bölgələrində 6 məhsul əsaslı məsləhət platforması təşkil edilib. Şəmkirin Əliyaqublu kəndində pomidor, Samuxun Sərkar kəndində günəbaxan, Ağstafanın Böyükkəsik kəndində sorqo, Qubanın Çaykənarı (Alekseyevka) kəndində alma, Xaçmazın Hacıəlibəy kəndində gilas, Sayad kəndində isə açıq sahədə becərilən pomidor bitkisi üzrə yaradılmış məhsul əsaslı məsləhət platformalarının hər birinə layihə tərəfindən fasilitator - vasitəçi cəlb olunub.
Fasilitator fermer qrupuna becərdikləri məhsulla bağlı problemləri müəyyən etmək, qrup daxilində müzakirələr aparmaq və həll yollarını tapmaq üçün özəl və dövlət sektoru məsləhətçiləri və tədqiqatçıları ilə əlaqə qurmaqla yol göstərir. Seçilmiş icmalarda fəaliyyət göstərən fermerlər sorqo, açıq sahə pomidoru və günəbaxan bitkiləri üzrə yaradılmış bu qrupların faydalarını hiss etməyə başlayıblar. "Başlanğıcda fermerlər təklif edilən yanaşmaya və fasilitatorların roluna şübhə ilə yanaşırdılar. Lakin müzakirələrdə iştirak etdikdən sonra faydalı tövsiyələr aldılar və bir sıra müsbət nəticələrin şahidi oldular. Fermerlər, zaman keçdikcə, daha çox iştirak etməyə başladılar və platformaya qoşulmaqda maraq göstərdilər. Builki əkin mövsümünün təcrübəsi növbəti əkin mövsümündə bəzi platformalara kiçik nümayiş sahələrinin də daxil ediləcəyi barədə planlaşdırma etməyə əsas verir”,- deyə layihənin milli koordinatoru Vüqar Bəşirov bildirib.
Hazırda Quba və Xaçmaz rayonlarındakı məhsul əsaslı məsləhət platformalarının fasilitatorları alma və gilas bağlarında fermerlərin qarşılaşdıqları problemlərin həlli ilə bağlı araşdırmalar aparırlar.
Vüqar Bəşirov, həmçinin bildirib ki, hələlik fasilitatorlar təcrübəli fermer və aqronomlar arasından seçilir. Gələcəkdə fasilitatorların texniki biliklərindən əlavə, problemi anlama, araşdırma şəbəkəsinin olması, kommunikasiya və doğru məlumatı əldəetmə bacarıqlarının olması da nəzərə alınacaq.
FAO-dan bildiriblər ki, məhsul əsaslı aqrar məsləhət platforması “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi tərəfindən dövlətə təqdim ediləcək yeni aqrar məsləhət xidməti modelinin tərkib hissəsi olacaq.