Azərbaycanda bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanda bayram günlərinə - iyunun 5-6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.
İyunun 6-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36°, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
İyunun 5-6-da Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 19-20° isti olacağı ehtimalı var.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 21-22° isti olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında iyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 5-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti, dağlarda gecə 16-21°, gündüz 25-30° isti olacağı bildirilir.