Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır
Bakı, 20 iyul, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov BMT-yə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edən Təşkilatın Miqrasiya üzrə Şəbəkəsinin Azərbaycanda da yaradılması ilə əlaqədar onlayn tədbirdə iştirak edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Niderland və Böyük Britaniyanın ölkəmizdəki səfirləri, Ümumdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, həmçinin BMT sisteminə daxil olan qurumların, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədəki mənzil-qərargahının və Vyanadakı ofisinin rəhbər şəxsləri, habelə Azərbaycanın müvafiq qurumlarının, qeyri-hökumət təşkilatlarının, şirkətlərin, Bakıda akkreditə olunan diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları son günlərdə Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumları nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin və vətəndaşlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbirdə çıxış edərək BMT və onun miqrasiya agentliyi olan BMqT ilə sıx əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib. O, BMT-nin Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasını BMT Baş katibinin təşəbbüsü ilə Azərbaycanın da qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədində əksini tapan məsələlərin daha uğurla icra edilməsinə töhfə verəcəyini vurğulayıb. Bildirib ki, insanlar, ölkələr və icmalar arasında səmərəli dialoqun qurulması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və ölkəmizin Qlobal Pakta qoşulması bunun bariz göstəricisidir. Xidmət rəisi qeyd edib ki, Şəbəkənin ölkəmizdə qurulması ilə bağlı gözləntilər çoxdur və bu platforma yeni bilik, bacarıqlar, təcrübələr və digər faydaları əldə etməklə yanaşı, miqrasiya ilə bağlı məlumat, statistika və Azərbaycanın mövcud ən yaxşı təcrübələrinin digər dövlətlərlə bölüşülməsində əlverişli vasitə olacaq.
Diqqətə çatdırılıb ki, dünyanın COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığa, həmrəyliyə əvvəlkindən daha da çox ehtiyac duyulduğu dövrdə bugünkü görüş xüsusi əhəmiyyətə malikdir. Vüsal Hüseynov pandemiya dövründə DMX-nin fəaliyyətinin əsas məqamları barədə də məlumat verərək, bu istiqamətdə müxtəlif həll yolları vasitəsilə işlərin səmərəli və operativ təşkil olunduğunu vurğulayıb. Yaranmış çətin vəziyyətdə şəbəkənin fəaliyyətinin bütün istiqamətlər üzrə beynəlxalq miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından olduqca önəmli olduğunu qeyd edib.
Onlayn tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev yaradılan Şəbəkənin miqrasiya idarəçiliyi və əməkdaşlıq üçün əhəmiyyətini qeyd edərək DMX tərəfindən Azərbaycanda əhalinin həssas qrupuna daxil olan miqrantların, həmçinin qaçqınların pandemiya dövründə yaranmış problemlərinin həllində çevik və səmərəli tədbirlərin təşkilini, yardım kampaniyaları keçirən beynəlxalq təşkilatların çağırışına verilən dəstəyi vurğulayıblar.
Miqrasiya üzrə Şəbəkənin Cenevrədəki qərargahının nümayəndəsi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası istiqamətində Azərbaycan ilə səmərəli əməkdaşlığın mövcud olduğunu, eləcə də BMT Baş katibinin xüsusi nümayəndəsinin həmin sənədin icrası ilə bağlı hesabatına Dövlət Miqrasiya Xidməti tərəfindən verilən töhfələrə görə minnətdarlıq edib.
Sonra tədbir iştirakçıları tərəfindən BMT Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasına dair texniki və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
BMT-nin Miqrasiya Şəbəkəsi 2018-ci ilin mayında qəbul olunmuş “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına dair ölkələrə səmərəli, koordinasiyalı və sistemli şəkildə dəstək verilməsi üçün yaradılıb. Azərbaycan BMT Baş katibinin bu təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir.