Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Tbilisi, 11 may, AZƏRTAC
Mayın 12-də Tbilisidə həvəskar idmançılar arasında dünya kuboku festivalı keçiriləcək. Mayın 13-də isə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş WK-1 növü üzrə peşəkar idmançılar arasında beynəlxalq reytinq döyüşləri olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər turnirlə bağlı mayın 11-də Tbilisidə keçirilən mətbuat konfransında səsləndirilib.
Beynəlxalq Red Drakon (Qırmızı Əjdaha) təşkilatının rəhbəri Məsud Cəfəri jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev daim idmana qayğı göstərib. Azərbaycandan olan “Qartal” idman klubunun təşəbbüsü ilə biz peşəkar idmançılar arasında yarışı Heydər Əliyevin xatirəsinə həsr etdik. Heydər Əliyev təkcə Azərbaycanda deyil, dünyada sevilən dahi şəxsiyyətdir. Onun xatirəsinə idman yarışı təşkil etmək bizim üçün şərəfdir.
Yarışın əsas təşkilatçısı "Qartal" peşəkar idman klubu, Beynəlxalq Red Drakon Təşkilatı və Gürcüstan Döyüş Növləri Konfederasiyasıdır.
“Qartal” klubunun prezidenti, beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın Əməkdar Məşqçisi Yaqub İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, hər iki yarışda 12 ölkədən 150-dən çox idmançı qalib adı uğrunda mübarizə aparacaq. Azərbaycan bu festivalda və yarışda əzmkar idmançılarla iştirak edəcək.
Konfransda bildirilib ki, mayın 12-də tatami üzərinə həvəskar idmançılar çıxacaqlar.
Ümummilli Liderin anadan olmasının 95 illik yubileyinə həsr edilən yarışda isə peşəkarlar mübarizə aparacaqlar.
Qaliblər diplom, medal və reytinq kəməri ilə mükafatlandırılacaqlar.
AZƏRTAC və Report informasiya agentlikləri, Azərbaycan Televiziyası və İctimai Televiziya yarışın əsas informasiya tərəfdaşlarıdırlar.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi