AZƏRBAYCANDA İKT-NİN 50 İLLİYİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində “Kibernetika və informatika problemləri” mövzusunda ikinci beynəlxalq konfrans işə başlamışdır. Konfrans Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) yaradılmasının 50 illiyinə həsr edilmişdir.
AMEA-nın prezidenti Mahmud Kərimov konfransı açaraq demişdir: “Bu konfrans iştirakçılara öz ideyaları, işlərinin nəticələri barədə mübadilə aparmaq, həll edilməmiş problemləri müzakirə etmək imkanı yaradacaqdır”.
AMEA-nın prezidenti qeyd etmişdir ki, Azərbaycan keçmiş SSRİ-də Ukraynadan sonra hesablama mərkəzi yaradılmış ilk müttəfiq respublika idi.
Mahmud Kərimov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasına hər cür kömək edir. Onun sözlərinə görə, bu konfrans informatika və kibernetika sahəsində yeni tədqiqatlara və araşdırmalara təkan verəcəkdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında qeyd etmişdir ki, Azərbaycan İKT-nin inkişaf sürətinə görə dünyada lider dövlətlərdən biridir. Son beş ildə respublikada İKT-nin artım sürəti 30-35 faiz olmuşdur.
Nazir qeyd etmişdir ki, Azərbaycan bu sahənin inkişaf səviyyəsinə görə Davos forumunun reytinq cədvəlində dünyada 67-ci yeri, MDB ölkələri arasında isə 1-ci yeri tutur. O bildirmişdir ki, yaxın gələcəkdə Azərbaycanda regional innovasiya zonaları yaradılacaq ki, bu da respublikada İKT-nin inkişafına təkan verəcəkdir.
Nazirin sözlərinə görə, İKT-nin inkişafını şəxsən nəzarətində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni hökumətin işinin prioritet istiqamətinə çevirmişdir. Əli Abbasov qeyd etmişdir ki, bu konfrans İKT sahəsində dünyada mövcud problemlərin həlli üçün yeni imkanlar açacaqdır.
######
![]() |
![]() |

