AZƏRBAYCANDA İTAR-TASS GÜNLƏRİ ÇƏRÇİVƏSİNDƏ “DƏYİRMİ MASA” GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Azərbaycanda İTAR-TASS günləri çərçivəsində yanvarın 23-də Beynəlxalq Mətbuat Mərkəzində “Rusiya və Azərbaycan: vahid informasiya məkanı - problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan və Rusiya ictimaiyyətinin nümayəndələri, iki ölkənin aparıcı KİV-lərinin təmsilçiləri iştirak etmişlər.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov görüşü açaraq, Azərbaycanın və Rusiyanın KİV-ləri arasında əməkdaşlığın perspektivlərinin, qloballaşma dövründə hər iki ölkə jurnalistlərinin qarşısında duran vəzifələrin müzakirəsi üçün belə tədbirlərin vacibliyini bildirdi, müasir Azərbaycanın reallıqları barədə informasiyaların yayılmasında İTAR-TASS-ın rolunu qeyd etdi.
“Dəyirmi masa” iştirakçıları rus dilinin Azərbaycanda saxlanılmasında, çoxsaylı rus məktəblərinin, tədrisin rus dilində aparıldığı sektorları olan ali məktəblərin fəaliyyət göstərməsində, görkəmli siyasi xadim Heydər Əliyevin rolunu xüsusi vurğuladılar.
İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya XİN-in informasiya departamentinin rəisi Aleksandr Yakovenko, Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq mərkəzinin rəhbəri Eleonora Mitrofanova, Federasiya Şurasının üzvü Gennadi Burbulis, Prezidentin İcra Aparatının məsul işçiləri Fuad Axundov və Rüstəm Məmmədov, AZƏRTAC-ın baş direktorunun birinci müavini Vaqif Musayev, İTAR-TASS-ın Xəbərlər xidmətinin baş redaktoru Sergey Karmalito, “Rossiya seqodnya” qəzetinin (Bolqarıstan) baş redaktoru Svetlana Şarenkova və digərləri vahid informasiya məkanı ilə bağlı problemlərdən söhbət açdılar, təkliflərini söylədilər, terrorizmlə, mütəşəkkil cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində səhih, qərəzsiz məlumatı oxuculara çatdırmağın zəruriliyini vurğuladılar.
Aleksandr Yakovenko informasiya məkanını genişləndirməyə yönəldilmiş tədbirlərdən danışarkən bildirdi ki, Rusiyanın xarici siyasət idarəsi bu istiqamətdə bir sıra tədbirlər planlaşdırır ki, bunlardan da məqsəd XİN-in xətti ilə staj keçmək vasitəsilə jurnalistlər arasında mübadiləni sahmanlamaq, birgə televiziya və radio layihələri təşkil etmək, habelə faşizm üzərində böyük Qələbənin qazanılmasına keçmiş SSRİ respublikaları xalqlarının töhfələrini iki ölkənin KİV-lərində geniş işıqlandırmaqdır. İki ölkənin regional KİV-ləri, diasporlar arasında əlaqələrin inkişafı, kiçik və orta biznes, o cümlədən turizm sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsində mətbuatın iştirakı ilə bağlı mühüm məsələlər diqqətə çatdırıldı.
Görüşdə Xəzər ümumi evinin yaradılması, Böyük Vətən müharibəsi illərində ordunun yanacaqla təmin edilməsində xidmətlərinə görə Bakıya qəhrəman şəhər adı verilməsi barədə təkliflər səsləndi.
X X X
Elə həmin gün qonaqlar Bakının görməli yerlərini gəzdilər, o cümlədən İçərişəhərdə “Şirvanşahlar sarayı” qoruq-muzeyinə baxdılar, Azərbaycan xalçaçılarının sənəti ilə tanış oldular.