Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi baza təkmilləşdirilir
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanda məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi baza təkmilləşdirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Birinci oxunuşda təqdim olunan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müəyyən əlavə və dəyişiklikləri özündə ehtiva edir. Sənədlə məişət zorakılığı ilə bağlı Qanunun şamil edildiyi şəxslərin dairəsi genişləndirilir və bu sahədə qanunvericilik təkmilləşdirilir.
Qanun layihəsinə əsasən, Qanunun preambulasından, həmçinin 1.0.1-ci, 1.0.2-ci və 4.0.4-cü maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur ki, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır. O cümlədən bu Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə 4.0.1-ci maddəyə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.
Digər dəyişikliklə, mövcud Qanunun 4-cü maddəsində Qanunun şamil edildiyi şəxslər dairəsi yalnız ailə üzvlərindən ibarət olmadığından Qanun layihəsinin 7.0.4-cü və 8.0.8-ci maddələrindən “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması nəzərdə tutulur. Ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.