AZƏRBAYCANDA ÖZƏL MƏŞĞULLUQ AGENTLİKLƏRİNİN VƏZİYYƏTİ İLƏ BAĞLI TƏDQİQAT APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 3-də “İSR Plaza” mehmanxanasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) Azərbaycanda özəl məşğulluq agentliklərinin (ÖMA) vəziyyətinə dair tədqiqat işi üzrə “dəyirmi masa” keçirmişdir.
Tədbir Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Avropa İttifaqı, BƏT və ATƏT-in birgə icra etdikləri “Cənubi Qafqazda insan alverinin qarşısının alınması” layihəsi çərçivəsində təşkil edilmişdir.
BƏT-in nümayəndəsi Zsolt Dudas bildirmişdir ki, tədqiqatın məqsədi ÖMA-nın işləri barədə məlumatı sənədləşdirmək, onların metod və prinsiplərini, fəaliyyət istiqamətlərini araşdırmaqdır.
O, BƏT-in ölkəmizdəki əlaqədar qurumlarla əməkdaşlığından danışaraq vurğulamışdır ki, təmsil etdiyi təşkilat mövcud əlaqələri daha da genişləndirmək niyyətindədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Azad Tağıyev bildirmişdir ki, nazirlik mütəmadi olaraq əmək yarmarkaları təşkil edir və respublikamızda işlə təminatı asanlaşdırmaq məqsədi ilə özəl məşğulluq agentlikləri burada təmsil olunurlar.
A.Tağıyev tədqiqatla bağlı danışaraq bu cür işlərin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
BƏT-in Azərbaycan üzrə milli proqramının əlaqələndiricisi Elnur Nəsibov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi rəisinin müavini Şahbaz Xələfov və digər çıxış edənlər mövzu ilə bağlı ətraflı məlumat vermiş, tövsiyələrini bildirmişlər.
Natiqlər diqqətə çatdırmışlar ki, aparılmış tədqiqat Azərbaycanda özəl məşğulluq agentliklərinin dəqiq sayını və fəaliyyət dairəsini müəyyənləşdirməyə yardım edir.
“Dəyirmi masa”da mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.