AZƏRBAYCANDA “QUŞ QRİPİ” XƏSTƏLİYİ AŞKAR EDİLMƏMİŞDİR
Xidmətin rəisi İsmayıl Həsənov “quş qripi” təhlükəsi, bu xəstəliyin viruslarının ölkə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə danışmışdır. O demişdir ki, bu xəstəlik Cənub-Şərqi Asiya və Avropanın bəzi ölkələrində, o cümlədən qonşu Türkiyədə ev quşlarının kütləvi surətdə qırılmasına səbəb olmuşdur. Hazırda elmə “quş qripi”nin 18 növü məlumdur. Əsasən ev quşlarının və donuzların yoluxduğu xəstəliyin virusu köçəri quşlar vasitəsilə yayılır. Qoyun, keçi, at, inək, camış və digər heyvanlar bu xəstəliyə yoluxmur. “Quş qripi” virusu həyat fəaliyyətini suda 4 günə, adi şəraitdə 30 günə, mənfi temperaturda 6-12 aya, quş peyinində 3 aya qədər saxlayır. Yüz dərəcə temperaturda bir neçə dəqiqəyə məhv olur və müxtəlif dezinfeksiyaedici vasitələrin təsiri ilə zərərsizləşir.
Xidmətin rəhbəri bildirmişdir ki, xəstəlik qeydə alınmış bütün ölkələrdən quş və quş məhsullarının idxalına qadağa qoyulmuşdur. Dövlət sərhədindəki baytarlıq məntəqələri ciddi iş rejiminə keçirilmişdir. Ölkə ərazisində köçəri quşların ovlanması, satışı, ondan ərzaq məhsulu kimi istifadə edilməsi dayandırılmış, quşçuluq fabrikləri qapalı iş rejiminə keçirilmiş, onların istehsal etdiyi məhsula baytarlıq-sanitariya nəzarəti gücləndirilmiş, müəyyən olunmamuş yerlərdə quş və quş məhsullarının satışı qadağan edilmişdir. Milli parklarda, qoruqlarda və köçəri quşların müvəqqəti məskunlaşdığı başqa ərazilərdə, vətəndaşların həyətlərində, quşçuluq fabriklərində və digər təsərrüfatlarda müntəzəm monitorinqlər aparılır, diaqnostik testlər keçirilir. Bundan əlavə, dezinfeksiyaedici avtomaşın, avadanlıq, xüsusi geyim və digər vasitələr alınmışdır.
Vətəndaşlardan bir daha tələb olunur ki, həyətyanı sahələrdə, çöldə, göl və çay sahillərində ev quşlarını qapalı şəraitdə saxlasınlar, onların arasında kütləvi tələfat müşahidə etdikdə Dövlət Baytarlıq Xidmətinə (462- -67-62; 462-99-07; 462-18-76, həmçinin “Qaynar xətt”ə 418-68-34; 418-68-35; 418-68-36) və ya xidmətin yerlərdəki orqanlarına məlumat versinlər.
Bildirilmişdir ki, Asiya İnkişaf Bankı təhlükəli xəstəliyə qarşı mübarizə tədbirləri və lazımi avadanlıq alınması üçün ölkəmizə 50 min ABŞ dolları ayırmışdır. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına isə müvafiq müayinə aparatları alınmışdır və yanvarın 23-də quraşdırılacaqdır.
Dövlət Baytarlıq Xidmətinin rəisi qətiyyətlə bəyan etmişdir ki, Azərbaycanda “quş qripi” virusu aşkar olunmamışdır və ölkənin broyler təsərrüfatlarının istehsal etdiyi quş ətini alıb istifadə etmək olar.
İsmayıl Həsənov, xidmətin mütəxəssisləri, “Dəvəçi Broyler” ASC-nin rəhbərliyi jurnalistləri maraqlandıran suallara ətraflı cavab vermişlər. Bildirilmişdir ki, ASC-nin işçiləri rəhbərliyin tövsiyəsi ilə həyətyanı təsərrüfatlarında quşların kökünü kəsmişlər və əvəzində iş yerindən kompensasiya alırlar.
“Quş qripi” təhlükəsi sovuşana qədər jurnalistlərlə belə görüşlər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri keçiriləcəkdir.