AZƏRBAYCANDA RUSİYA İLİ ÇƏRÇİVƏSİNDƏ BİRİNCİ BEYNƏLXALQ RUS KİTABI FESTİVALI KEÇİRİLƏCƏKDİR
Tədbirin təşkilatçıları Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Federal Kütləvi Kommunikasiyalar Agentliyi və Rusiya İnformasiya Teleqraf Agentliyi - İTAR-TASS-dır.
Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü və dəstəyi ilə baş tutan Birinci Beynəlxalq Rus kitabı festivalının tədbirlər proqramı maraqlı və zəngindir.
Festivalda Rusiyanın 150 nəfərə yaxın yazıçı, şair, naşir, publisist və dövlət xadimlərindən ibarət nüfuzlu nümayəndə heyəti iştirak edəcəkdir. Qonaqların arasında dünya miqyasında tanınan Çingiz Aytmatov, Oljas Süleymenov, Veronika Dolina, Tatyana Ustinova, Eduard Uspenski, Vera Pavlova, David Markiş, Aleksandr Ebonidze və başqa məşhur qələm sahibləri vardır.
Festival sentyabrın 15-də ümummilli liderimiz Heydər Əliyevin Fəxri xiyabanda abidəsinin və Şəhidlər xiyabanının ziyarəti ilə başlayacaqdır. Tədbirin təntənəli açılışı Milli Parkdakı Əl Oyunları Sarayında olacaqdır.
Festival çərçivəsində təşkil olunan sərgi-yarmarkada Rusiya Federasiyası nəşriyyatlarının məhsulu olan minlərlə kitab təqdim ediləcəkdir.
Azərbaycan Yazıçılar Birliyində “Şərq və Qərb şairləri, Puşkin və Nizami ənənələri”, Azərbaycanda Atatürk Mərkəzində “Rus və Azərbaycan ədəbiyyatında zaman əlaqəsi” mövzularında dəyirmi masalar, Azərbaycan Dövlət Filarmoniyasında poeziya gecəsi festivalın maraqlı tədbirləri sırasındadır.
Azərbaycanın tanınmış incəsənət ustaları festival günlərində qonaqlar və şəhər sakinləri üçün möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.
Rusiyalı qələm sahibləri və naşirlərin Bakı Slavyan Universitetində, Şamaxı, Xaçmaz, Quba rayonlarında ictimaiyyətin nümayəndələri və oxucularla maraqlı görüşləri olacaqdır.
Rusiya Federasiyasından gətirilmiş 15 mindən çox kitab Birinci Beynəlxalq Rus kitabı festivalı başa çatandan sonra təmənnasız olaraq, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki kitabxanalara veriləcəkdir.