İQTİSADİYYAT
Azərbaycanda “SİMA” adlı bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlanıb
Bakı, 11 fevral, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə “SİMA” adlı bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 11-də “Yeni nəsil rəqəmsal imza” məhsulunun təqdimatı tədbirində “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov deyib.
O bildirib ki, “SİMA” hər kəs üçün əlçatan olacaq. Mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. “SİMA” rəqəmsal transformasiyanın bütün qollarını - dövlət, əhali və biznes istiqamətlərini əhatə edir.