Azərbaycanda son illərdə ən çox hansı sığorta növlərinə maraq artıb? - Açıqlama
Bakı, 17 iyul, AZƏRTAC
Son illərdə Azərbaycanda sığorta xidmətlərinə maraq artmaqda davam edir. Vətəndaşların müxtəlif risklərdən qorunmaq və maliyyə sabitliyini təmin etmək istəyi sığorta məhsullarına tələbatı yüksəldən əsas amillərdən biridir. Xüsusilə əmlak, avtomobil və həyat sığortası sahələrində müşahidə olunan artım bazarda yeni meyillərin formalaşdığını göstərir. Bəs son dövrdə hansı sığorta növləri daha çox seçilir və bu artımın əsas səbəbləri nələrdir?
Bu sahədəki mövcud vəziyyət, əsas meyillər və istehlakçı davranışları ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq bir neçə ildir sığorta sektorunda davamlı və dayanıqlı böyümə tendensiyasını müşahidə edirik. Azərbaycan Mərkəzi Bankının dövri olaraq açıqladığı sığorta icmallarında sığorta haqlarında müsbət dinamika qeydə alınır. Mərkəzi Bank tərəfindən ən açıqlanmış və cari ilin yanvar-may aylarını əhatə edən sığorta icmalına da nəzər salsaq görərik ki, yerli sığorta bazarımız 732,6 milyon manat yığım təmin etməklə 1,85 faiz böyüyüb. Analoji dövrdə baş vermiş sığorta hadisələrinə görə həyata keçirilmiş sığorta ödənişlərinin həcmi isə 409,6 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni periodu ilə müqayisədə 30,1 faiz çoxdur.
“Müvafiq icmala istinadən deyə bilərik ki, son vaxtlarda bir neçə sığorta növü var ki, vətəndaşların bu sığorta növlərinə marağı və müraciət aktivliyi artıb. Belə sığorta növlərindən biri Əmlakın yanğından və digər risklərdən sığortası növüdür. Bu sığorta növü həm daşınar əmlaklara yönəlik riskləri təminat altına alır, həm də daşınmaz əmlakların sığortası zamanı təminatın genişləndirilməsi üçün də istifadə olunan unikal məhsuldur. Cari ilin yanvar-may aylarına olan sığorta icmalına nəzər salsaq, bu sığorta növü üzrə yığımlar 38,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 milyon manat çoxdur. Vətəndaşların bu sığorta növünə marağının artmasının başlıca səbəblərindən biri ölkə ərazisində müxtəlif vaxtlarda qeydə alınan qeyri-sabit hava şəraiti nəticəsində meydana gələn böyük həcmli zərərlərə qarşı ehtiyatlı yanaşma və risklərini təminat altına alma instinktidir.
Bu qəbildən daha bir sığorta növü isə Kasko sığortasıdır ki, son vaxtlar bu sığorta növünə də marağın artdığı müşahidə olunur. Kasko növü üzrə cari ilin 5 ayı ərzində 29 milyon manat sığortahaqqı təmin olunub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 min manat çoxdur. Bu sığorta növünə marağın artmasının başlıca səbəblərindən biri ölkəmizdə avtomobil parkının yenilənməsi ilə bağlıdır. Bildiyiniz kimi, xüsusilə son illər ölkəmizə çox sayda yeni avtomobillər gətirilir. Bu, bir reallıqdır ki, yeni olan məhsula qarşı qoruma refleksi daha yüksək olur. Məhz bu səbəblə əlaqədardır ki, Kasko sığortasına maraq günbəgün artmaqdadır. Bu marağın artmasının daha bir səbəbi isə yerli sığorta şirkətlərinin adıçəkilən növ üzrə geniş məhsul çeşidliliyi və bu məhsulların əladə olunması ilə bağlı sadələşdirilmiş optimal şərtlər təklif etməsi ilə bağlıdır”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, avtonəqliyyatyönümlü daha bir sığorta növü isə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növüdür. Bu icbari sığorta növü üzrə bütün proseslər qanunvericiliklə tənzimlənir: “Bir vaxtlar avtonəqliyyat vasitəsi sahibləri bu məhsula məcburiyyət kimi baxsalar da, zamanla bu sığorta xidmətinin üstünlükləri və səmərəsini gördükləri üçün bu gün artıq əminliklə deyə bilirik ki, vətəndaşlarımız bu məhsulu əldə etməkdə həm də maraqlıdırlar. Çünki avtonəqliyyat vasitəsi daim hərəkətdə olduğu üçün risklər də qaçılmaz hal alır. Məhz belə bir şəraitdə bu sığorta məhsulu bizim maliyyə sabitliyimizi təminat altında saxlayır. Heç təsadüfi deyil ki, marağın artması özünü icmal rəqəmlərində də göstərir. Belə ki, adıçəkilən sığorta növü üzrə 2026-cı ilin 5 ayı ərzində 74,3 milyon manat sığortahaqqı təmin olunub ki, bu da ötən ilin analoji periodu ilə müqayisədə 4,9 milyon manat çoxdur. Daha bir sevindirici fakt ondan ibarətdir ki, Azərbaycan adıçəkilən sığorta növü üzrə penetrasiyanı 100 faizə çatdıran azsaylı ölkələrdəndir”.
“Vətəndaş marağının yüksək olduğu sığorta növlərindən biri də Həyatın yaşam sığortasıdır. Bu sığorta növü sığorta fəlsəfəsindən əlavə, həm də yığım-investisiya aləti olaraq da məşhurlaşıb. Vətəndaşlar bu sığorta növü ilə yığım imkanlarına nail olmaqla qənaət vərdişlərini formalaşdıra bilirlər. Bu, yeganə sığorta məhsuludur ki, sığorta müddətinin sonunda sığortalının ölüm halı da, yaşaması da sığorta hadisəsi hesab olunur və hər iki halda sığorta ödənişi həyata keçirilir. İcmal rəqəmləri də bu növə olan yüksək marağı əyani olaraq göstərir. Cari ilin yanvar-may aylarında Həyatın yaşam sığortası növü üzrə 399,2 milyon manat sığortahaqqı təmin olunub və bu, ötən ilin eyni periodu ilə müqayisədə 45,9 milyon manat çoxdur.
Məsələyə ümumi kontekstdən yanaşsaq, istər dünya sığorta sənayesində, istərsə də ölkəmizdə sığorta xidmətlərinə marağı artıran başlıca faktor baş vermiş sığorta hadisələrinə görə həyata keçirilən sığorta ödənişləridir. Çünki sığorta ödənişləri sığorta proseslərinin aktivliyini bilavasitə nümayiş etdirən əsas amillərdəndir. Açıqlamanın əvvəlində də bildirdiyimiz kimi, 2026-cı ilin yanvar-may aylarında baş vermiş sığorta hadisələrinə görə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 409,6 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz çoxdur”, - deyə məlumatda bildirilir.