“AZƏRBAYCANDA VAHİD MALİYYƏ SEKTORUNUN İNKİŞAFI” MÖVZUSUNDA 3-CÜ MİKROMALİYYƏ KONFRANSI KEÇİRİLİR
İkigünlük konfransın keçirilməsindən məqsəd mikromaliyyə sahəsinin inkişafı məsələlərini, qarşıya çıxan problemlərin həlli yollarını müzakirə etməkdir.
Hökumət orqanlarının, beynəlxalq təşkilatların, səfirliklərin, özəl bölmə təmsilçilərinin iştirak etdikləri konfrasın açılışında AMA-nın idarə heyətinin sədri Eldar Cəfərov dünyada yoxsulluqla mübarizədə sınaqdan çıxmış mükəmməl vasitə olan mikromaliyyələşmənin Azərbaycandakı vəziyyətindən danışmışdır. Hazırkı konfransı birinci (2001) və ikinci (2003) konfranslarla müqayisə edən E.Cəfərov, ölkəmizdə mikromaliyyə sahəsinin sürətlə inkişaf edən maliyyə sektoru ilə birgə irəlilədiyini diqqətə çatdırmışdır.
E.Cəfərov bildirmişdir ki, AMA-nın üzvü olan mikrokredit təşkilatları, ümumilikdə, 80 milyon ABŞ dolları məbləğində aktiv kredit portfelinə malikdirlər. İndiyədək 200 min müştəriyə 265 milyon dollar kredit verilmişdir.
Mikromaliyyə əməliyyatlarının yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsinə də müsbət təsir göstərdiyini bildirən E.Cəfərov, qarşıda duran məsələlərdən söz açmışdır.
Bank olmayan kredit təşkilatları üçün qanun layihəsinin hazırlanmasını müsbət addım kimi səciyyələndirən sədr qanunun qəbul olunmasını mikromaliyyə təşkilatlarının daha mütəşəkkil fəaliyyətinə zəmin yaradacağına əminliyini bildirmişdir.
Respublikamızda mikromaliyyə proqramlarının icrasına 1996-cı ildən başlandığını qeyd edən Baş nazirin müavini Əli Həsənov, ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən humanitar təşkilatlar üçün lazımi şəraitin yaradıldığını nəzərə çarpdırmışdır. Yoxsulluğun azaldılmasında, yeni iş yerlərinin açılmasında və aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılmasında mikromaliyyə təşkilatlarının əhəmiyyətini vurğulayan Ə.Həsənov, ölkə rəhbərliyinin bu sahənin daha da təkmilləşməsi üçün əlindən gələni etməyə hazır olduğunu söyləmişdir. O, mikromaliyyə təşkilatlarının rəhbərlərini kreditlərin faizlərini aşağı salmağa çağırmışdır.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bank olmayan kredit təşkilatlarının yoxsulluqla mübarizədə və maliyyə sektorunun inkişafında əhəmiyyətini qeyd etmişlər. Onlar hökumətin bu təşkilatlara daim dəstək verəcəyini, problemlərin həlli üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırmışlar.
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Haylənd ölkəmizdə maliyyə sektorunun inkişafının vacibliyini qeyd etmişdir. Azərbaycanın strateji dostu və tərəfdaşı olan ABŞ respublikamızda bu sahənin inkişafına dəstək verməyə hazırdır.
Tədbirdə bank olmayan kredit təşkilatları üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmış, müxtəlif mövzularda məruzələr dinlənilmiş, təqdimatlar nümayiş olunmuşdur.
Konfrans işini mayın 27-də davam etdirəcəkdir.