Azərbaycanın 3 təhsil ocağı ilə Avropa universitetləri arasında ikili diplom müqavilələri imzalanacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Fransada “ERASMUS+LMPB” layihəsi üzrə “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi, eləcə də ekologiyası üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” mövzusunda seminar keçirilib. Fransadakı CNAM Universitetində keçirilən seminarda “ERASMUS+” layihəsinin regional əlaqələndiricisi Azərbaycan Texniki Universiteti (AzTU), Sumqayıt Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorları iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan, Rusiya və Çinin ümumilikdə 10 universiteti, həmçinin Avropanın layihədə referent, resurs və ekspert qismində iştirak edən yeddi ali təhsil ocağı təmsil olunub.
Seminarda CNAM Universitetinin prorektoru layihə üzrə həyata keçirilən və reallaşdırılacaq tədbirlər, proqram haqqında ətraflı məlumat verib.
Sonra hər universitet öz təhsil platforması və enerji səmərəliliyi ixtisasları üzrə Avropa tipli akkreditasiya dosyesi barəsində hesabat verib.
Daha sonra keçirilən xüsusi metodologiya üzrə aparılmış təhlilin nəticələri elan edilib. Bildirilib ki, Azərbaycandan olan tərəfdaş universitetlər bütün göstəricilər üzrə birinci yerdə qərarlaşıb. Rusiya və Çinin universitetləri isə ikinci və üçüncü yerləri bölüşüblər.
Seminarda Azərbaycandan olan universitetlərin rəhbərləri CNAM Universiteti, Leypsik Texniki Universiteti, Sevilya Universiteti, Turina Universiteti və Pavia Universitetinin nümayəndələri ilə təkbətək görüşlər keçirərək ikili diplom şərtlərini müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq yaxın gələcəkdə universitetlər arasında ikili diplom müqavilələrinin imzalanması qərara alınıb.
Qeyd edək ki, layihənin rəhbəri və Azərbaycandan olan tərəfdaş universitetlərin referenti Fransanın CNAM Universitetidir. Layihənin baş əlaqələndiricisi bu ölkənin Grenobl Akademiyasıdır.