Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlarla görüş
Əddis-Əbəbə, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində müxtəlif illərdə Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlarla görüş keçirilib.
Səfir Elman Abdullayev görüşdə çıxış edərək Azərbaycanın ali məktəblərində təhsil almış efiopiyalı məzunları bir yerə toplamaq məqsədi daşıyan bu təşəbbüsü dəstəklədiklərinə görə iştirakçılara minnətdarlığını bildirib. O, belə sıx ünsiyyət və əlaqələrin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyini, səmərəli dialoqu davam etdirməyə imkan yaradacağını vurğulayıb. Səfir məlumat verib ki, Azərbaycanın ali məktəblərini təxminən 800-ə yaxın efiopiyalı bitirib.
Efiopiyalı məzunlar bu təşəbbüsü yüksək qiymətləndirərək, Azərbaycanın onların hər birinin həyatında xüsusi yeri olduğunu qeyd ediblər. Məzunlar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi naminə Azərbaycan səfirliyi ilə fəal əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Görüş iştirakçılarına Efiopiyanın EBC TV kanalının Azərbaycanla bağlı hazırladığı proqram və ölkəmiz haqqında videoçarxlar təqdim edilib.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə