AZƏRBAYCANIN CAVAN, AĞILLI PREZİDENTİ DÖVLƏTİN VƏ ATASININ ƏNƏNƏLƏRİNİ UĞURLA DAVAM ETDİRİR
Azərbaycanda keçirilən İTAR-TASS günləri Bakıda olmuş Rusiya nümayəndə heyətinin üzvlərində dərin təəssürat doğurmuşdur. “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev İTAR-TASS günləri çərçivəsində respublikamıza səfəri barədə təəssüratını AZƏRTAC-ın xüsusi müxbirilə bölüşərək demişdir ki, onu Bakıda ən çox bu gün Azərbaycanın sakit və işgüzar şəraitdə yaşaması heyran qoydu. Onun sözlərinə görə, bir çox respublikalara, bir çox dövlətlərə səfərlər zamanı müəyyən dərəcədə gərginlik hiss edirsən, Azərbaycanda isə qətiyyən belə deyil, xalqın həyatında heç bir sosial və ya hər hansı digər gərginlik nəzərə çarpmır. P.Qusevin fikrincə, ən başlıcası, insanlar əmindirlər ki, onların problemləri həll edilir. O demişdir: “Nəhayət, Bakıda və onun ətrafında gedən tikintinin miqyası çox şey deyir”.
P.Qusev həmçinin bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş olduqca böyük təsir bağışladı. “Cavan, ağıllı Prezidentin dövlətin ənənələrini, atasının ənənələrini, milli ənənələri yaşatması xoş təsir bağışlayır. O, qarşısına aydın məqsəd qoymuşdur - Azərbaycanı daha yaxşı və qüdrətli etmək, onu vüqarlı, müstəqil və həm maliyyə baxımından, həm də iqtisadi cəhətdən təmin olunmuş dövlətə çevirmək. Bəzən biz ona çox mürəkkəb suallar verirdik, o, isə bunları təmkinlə cavablandırırdı. Mən fəaliyyətimlə əlaqədar çox prezidentlərlə görüşməli oluram. İlham Əliyev yaxşı mənada çoxlarından fərqlənir. Onun intellekti, dünyada baş verən hadisələrə tamamilə müasir gözlə baxdığı, qarşıda duran məsələləri necə həll etmək, onları bu gün necə həll etməyə çalışmaq yollarını bildiyi hiss edilir. Bu, çox mühüm məqamdır, çünki, təəssüflər olsun, bir çox prezidentlər keçmişin yükündən hələ də qurtara bilməyiblər. İlham Əliyev atasının hazırladığı çox möhkəm, yaxşı zəmində yeni formasiyaya başlamışdır”.
P.Qusevin fikrincə, əgər jurnalistlər ölkəyə daim gəlirsə, deməli, onları dəvət etməkdən çəkinmirlər. Jurnalistlərdə belə bir hiss var ki, onlar getmək mümkün və lazım olan ölkədədirlər. Bu, çox mühüm məqamdır.
“Moskovski komsomolets”in baş redaktoru sözünü tamamlayaraq demişdir: “Sirr deyil ki, Moskvada çoxsaylı azərbaycanlı yaşayır. Söz düşmüşkən, burada yaşayan azərbaycanlı gənclərə bəzən hətta qərəzli münasibət göstərirlər. Məsələn, tacik qaçqınlar, çeçen qaçqınlar və s. deyirlər. Amma heç vaxt azərbaycanlı qaçqınlar demirlər. Onlar ticarətlə məşğul olur, kiçik və iri biznesdə işləyirlər. Yəni, azərbaycanlılar işləyirlər, heç kim demir ki, onlar qaçqın, yaxud dilənçidirlər. Onlar Rusiyaya işləmək üçün gəlirlər. Bu, jurnalistlərimiz, qəzet redaktorlarımız üçün çox mühüm məsələdir, çünki başa düşmək lazımdır ki, Azərbaycan öz adamlarını zorla kəsbkarlığa göndərən ölkə deyildir, bu, onların öz seçimidir. Bəli, Rusiya çox böyük iqtisadi bazardır, burada işləmək olar. Bütün bunlar çox vacibdir və Bakıya gəldikdə azərbaycanlıların Moskvadakı həmyerlilər birliyinin əsaslarını daha yaxşı başa düşürsən”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva