AZƏRBAYCANIN DAĞ YƏHUDİLƏRİ İCMASININ SƏDRİ SEMYON İXİİLOVUN ÇIXIŞI
-Zati-aliləri cənab Prezident!
Möhtərəm şeyxülislam!
Möhtərəm Aleksandr Ata!
Monsenyor Yan!
Hörmətli cənablar!
Bu gün iftar məclisində olmağım mənə çox xoşdur. Ənənəyə görə, bu gün Prezident də burada bizimlədir və biz onu görməyə çox şadıq. Bu, çox xoş hadisədir. Azərbaycanın və Qafqazın bütün müsəlmanlarına arzum budur ki, Allah onların dualarını eşitsin və orucunu qəbul etsin.
Ramazanın əsas ənənələrindən biri kasıblara kömək etməkdir ki, onlar da iftar süfrəsi aça bilsinlər. Allaha şükür, bizdə yoxsulluq aradan qalxır və ümidvaram ki, yaxın 4-5 ildə bizdə, ümumiyyətlə, yoxsulluq olmayacaqdır. Biz fəxr edirik ki, Azərbaycanın Heydər Əliyev kimi rəhbəri olmuşdur. O, özünün zəngin dövlətçilik və siyasi təcrübəsi sayəsində ölkəni çox dərin böhran vəziyyətindən çıxarmağa və onu inkişaf yolu ilə irəlilətməyə nail oldu. Üstəlik, nail oldu ki, Azərbaycanı tanımağa başladılar və indi Azərbaycanı bütün dünyada tanıyırlar.
Bu gün bu estafet bizim hörmətli Prezidentin əlindədir. Ölkənin inkişafı üçün nə qədər işlər görüldüyünün şahidiyik. Gözləri görən hər kəs bunu təsdiq edər. Yeri gəlmişkən, demək istəyirəm, görmə ilə bağlı problemim yarananda məni məşhur oftalmoloq, akademik Zərifə xanım Əliyeva müalicə etmişdi. Allah ona rəhmət eləsin. Bu hadisədən 25 il sonra cərrahiyyə əməliyyatına ehtiyacım olanda, mənə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva kömək etdi.
Bu müqəddəs ailənin üzvləri - vaxtilə Heydər Əliyev və Zərifə xanım, indi isə İlham Heydər oğlu, Mehriban xanım, Leyla xanım ölkədə çox işlər görmüşlər və görürlər. Keçmişə nəzər salsaq deyə bilərik ki, bütövlükdə XX əsrdə indi görülən qədər iş görülməmişdir.
Mən möhtərəm cənab Prezidentə uğurlar arzulamaq istəyirəm. Bu il iyulun 12-də fərəhli bir hadisə baş verdi - Bibiheybət məscidinin açılışı oldu. Mən sevinirdim ki, həqiqətən, çox böyük iş görülmüş, belə bir gözəl məbəd yaradılmışdır. Zənnimcə, yaxın gələcəkdə respublikamız yalnız tərəqqi edəcəkdir. Düşünürəm ki, Azərbaycan - bizim azad, inkişaf etmiş, güclü, doğma Azərbaycanımız həmişə yaşayacaqdır.
Diqqətinizə görə sağ olun.
Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi YAN ÇAPLA Azərbaycandakı Apostol Nunsi Klaudio Qucerottinin məktubunu oxudu. Məktubda deyilir:
-Mən çox böyük sevinc hissi ilə müqəddəs Ramazan ayının başa çatması münasibətilə Sizin bayram şənliyinizə qoşuluram. Bu bayramda Sizinlə birlikdə şəxsən iştirak edə bilmədiyimə görə, mənim fikirlərimi Sizə çatdırmağı hörmətli Yan Çapla ataya həvalə edirəm. Mənim arzularım pravoslav və yəhudi icmalarının başçılarının - zati-müqəddəsləri Vladıka Aleksandrın və möhtərəm cənab Semyon Borisoviç İxiilovun səmimi arzuları ilə üst-üstə düşür.
Cənab Prezident, müqəddəs Papa XVI Benedikt Sizə və möhtərəm şeyxülislama bu münasibətlə xüsusi məktub göndərmişdir. Mən keçən həftə Vatikanda Papa ilə görüşərkən etdiyi xahişi yerinə yetirərək, Azərbaycanın bütün dindar müsəlmanlarına onun qardaşlıq salamını çatdırmaq istəyirəm.
İcazə verin, öz şəxsi mülahizələrimi də əlavə edim. İndi Qafqazın sabitliyə həmişəkindən daha çox ehtiyacı var. Dünya birliyi indi həmişəkindən daha artıq dərəcədə başa düşür ki, bu torpaqlardan sülh göyərçini pərvazlana bilər və yaxud bütün dünyanı bürüyə biləcək yeni anlaşılmazlıqların kədərli əlamətləri yarana bilər. Son onilliklərdə biz ümid edirdik ki, bu ikinci ehtimala birdəfəlik son qoyulmuşdur, lakin indi aydın oldu ki, Ulu Tanrı köməyini əsirgəsə, bu təhlükə yenidən yarana bilər.
Arzum budur ki, zəngin qarşılıqlı anlaşma və tolerantlıq ənənələrinə malik olan Azərbaycan və bu ölkədə yaşayan bütün dindarlar ölkənin siyasi və dini rəhbərlərinin yorulmaq bilməyən səyləri sayəsində bütün istiqamətlər üzrə hamıya əməkdaşlıq nümunəsi göstərə bilsinlər, onun bütün sərvətləri artsın, mədəniyyəti, iqtisadiyyatı tərəqqi etsin, başqa xalqlar bütün insanların şəxsiyyətinə və hüquqlarına hörmət etməyi onlardan öyrənsinlər. Qoy Mərhəmətli Allah bu məsələdə bizə kömək etsin və bu konkret vəzifəni həyata keçirməyimizə imkan versin.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi.
X X X
Şeyxülislam ALLAHŞÜKÜR PAŞAZADƏ: Allah cansağlığı versin. Doğrudan da, Prezident həzrətləri, mən xaricdə olanda görürəm - Azərbaycanı tanıyırlar. Bu gün Azərbaycanı İlham Əliyevlə tanıyırlar. Yəni Prezident kimi İlham Əliyevlə tanıyırlar. Bu, məni çox sevindirir.
Şeyx kimi, bir dindar kimi mən Azərbaycanın gələcəyinə inanıram. Prezident həzrətlərinin dediyi kimi, inşallah, gələcəyimiz xoşbəxt olacaqdır. Bəli, bəzi qüvvələr, bəzi məsələlər var, bizi gözü götürməyən adamlar da vardır. Vaxtilə bizim evimizdə bir hadisə olanda anam tez bir dua yazardı. Amma mən istəyirəm ki, Prezident həzrətlərinə Ayətül-kürsü duasını verək. Bu, Quranın ayəsidir. Prezidentimizin çıxışları, danışıqları çox gözəl görünür. Qoy Allah-Taala Sizi bu dua ilə hifz eləsin!
X X X
Prezident İlham Əliyevə üzərində Quranın Ayətül-kürsü ayəsi toxunmuş xalça təqdim olundu.
ALLAHŞÜKÜR PAŞAZADƏ: Bu mübarək gündə ulu öndər Heydər Əliyev həzrətlərini yad edək, onun ruhuna dua oxuyaq. Bayaq Zərifə xanım haqqında danışıldı, onunla bərabər, dünyadan gedənləri, şəhidlərimizi də yad edək. İndi Quran oxunacaq. Bu duaların savabını dünyadan gedənlərə bağışlayaq. Xüsusən Heydər Əliyevin ruhuna. Onun ruhu bu gün bizimlədir, həmişə, gələcəkdə də bizimlə olacaqdır.
X X X
Sonra Quran oxundu, iftar süfrəsi açıldı.
İftar mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.