Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
Şirvan, 27 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, tədbirlər planı çərçivəsində Şirvan Şəhərində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərə həsr olunmuş “Millət atası” filmi nümayiş olunub.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin Ümummilli Liderin əziz xatirəsinə ehtiramın ali nümunəsi olduğunu bildirib. Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş hər bir tədbirin dünyaşöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsilə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıb. Ümummilli Liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırıb. Ümumbəşəri dəyərlərə inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, insan kapitalının inkişafı, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, tolerant, multikultural dəyərlərin təbliği və digər məsələlərin dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib. Müstəqillik tariximizin zirvəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunmasının, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsinin dayandığını, şanlı Ordumuzun qazandığı Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını bildirib.
Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Azərbaycan xalqının son 34 illik tarixinin Heydər Əliyev şəxsiyyəti və onun ideyaları ilə bağlı olduğunu bildirib. Xüsusilə müstəqillik tarixinin bütün əlamətdar hadisələrinin müəllifinin Ulu Öndər olduğunu vurğulayıb. Ona görə də dahi şəxsiyyətin irsinin qorunmasının və gələcək nəsillərə ərməğan edilməsinin vacibliyini qeyd edib.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, Heydər Əliyevin partiyaya sədr təyin edilməsindən, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından, atəşkəsin elan olunmasından bəhs edib.
Digər çıxış edənlər də Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, məhkəmə-hüquq sisteminin şəffaf fəaliyyətindən, qanunvericilik bazasının möhkəmlənməsindən, müsəlman şərqində ilk dəfə ölkəmizdə ölüm cəzasının ləğvindən, məhkəmə islahatlarından danışıblar.