SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü Belarusdakı bir sıra universitetlərdə qeyd edilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Belarusda bir sıra tədbirlər keçirib.
İlk tədbir Yanki Kupala adına Qrodno Dövlət Universitetində keçirilib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə BDM tərəfindən rus dilində “Müstəqil Azərbaycan-25” adlı film nümayiş etdirilib. Mərkəzin sədri İsmayıl Ağayev, sədrin birinci müavini Samir Adıgözəlli, Qrodno Azərbaycanlıları Konqresinin sədri Namiq Vəliyev və sədr müavini Arif Xudayarov çıxış edərək Azərbaycanın müstəqillik tarixi və siyasi, iqtisadi inkişafından danışıblar.
Sonra universitetin birinci prorektoru İrina Kiturko, hüquq fakültəsinin dekanı Svetlana Çeburanova, iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini İosif Dvornyak, tarix və turizm fakültəsinin dekan müavini Viktor Belozoroviç, beynəlxalq əlaqələr şöbəsinin rəisi Olqa Minova və başqaları çıxış edərək Belarus-Azərbaycan münasibətləri və ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq haqqında fikirlərini bildiriblər. Daha sonra azərbaycanlı tələbələr çıxış edərək təəssüratlarını bölüşüblər.
Layihə çərçivəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü ilə bağlı növbəti tədbir Baranoviç Dövlət Universitetində baş tutub. Universitetin professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə birinci prorektor Aleksandr Unsoviç dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə ali təhsil ocağının kollektivi adından Azərbaycan xalqını təbrik edib. BDM-in sədri İsmayıl Ağayev Azərbaycanın ötən 25 ildə qazandığı nailiyyətlər və Belarusla münasibətlər haqqında danışıb. Tədbirdə BDM tərəfindən hazırlanmış rus dilində “Müstəqil Azərbaycan-25” filmi nümayiş etdirilib. Universitetin müəllimlərinə və tələbələrinə bukletlər, filmlər, kitablar və digər hədiyyələr paylanılıb. Səfər çərçivəsində BDM nümayəndə heyəti Qrodno Azərbaycanlıları Konqresində və Minskdə diaspor fəalları ilə görüşlər keçirib.