Azərbaycanın dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilir









Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov və "PROSOL" şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev çıxış ediblər.
Sonra tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov "Görülən işlər, yeniliklər və gələcək planlar" mövzusunda çıxış edib.
Qeyd edək ki, “İnformasiya Texnologiyaları rəhbərlərin I Zirvə toplantısı” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən cari ilin fevral ayında keçirilib.
Sentyabrın 21-də Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı başlayıb. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan “ICSD 2023”də dünyanın müxtəlif yerlərindən sənaye ekspertləri, kibertəhlükəsizlik mütəxəssisləri, hökumət rəsmiləri və həvəskarlar bir araya gəlir. Tədbirin əsas missiyası kibertəhlükəsizlik anlayışını artırmaq və günümüzün rəqəmsal mənzərəsində inkişaf edən problemlərin həllində əməkdaşlığı təşviq etməkdir.