AZƏRBAYCANIN ƏDLİYYƏ NAZİRİ BEYNƏLXALQ ANTİKORRUPSİYA TƏŞKİLATININ VİTSE-PREZİDENTİ SEÇİLMİŞDİR
Bu il oktyabrın 22-26-da Pekin şəhərində Assosiasiyanın birinci konfransı və ümumi yığıncağı keçirilmişdir.
Dünyanın 137 ölkəsindən 1000-ə yaxın nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirlərinin, baş prokurorların, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdikləri bu mötəbər tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə ədliyyə və daxili işlər nazirliklərinin, Baş prokurorluğun məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.
Çin Xalq Respublikasının başçısı Hu Szintao və BMT baş katibinin müavini, təşkilatın Vyana qərargahının rəhbəri Antonio Maria Kosta konfransda çıxış edərək, yeni yaradılmış qurumun əhəmiyyətini vurğulamışlar.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov konfransın ilk iclasında əsas məruzəçi kimi çıxış edərək, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, mütərəqqi islahatlar və həyata keçirilən tədbirlərin konkret nəticələri barədə ətraflı məlumat vermişdir.
Çıxışda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və bir milyon dinc əhalinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır. Erməni nümayəndə heyətinin təşvişinə səbəb olan bu çıxışı konfrans iştirakçıları maraqla qarşılamışlar. Nazirin çıxışının ingilis və rus dillərində mətni, xüsusi olaraq hazırlanmış digər sənədlər tədbirin iştirakçılarına paylanmışdır.
Konfransın yekun sənədinin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin rəhbəri fəal iştirak etmiş, ölkəmizin mövqeyinə dair verdiyi təkliflər yekdilliklə qəbul olunmuşdur.
Ümumi yığıncaqda təşkilati məsələlərə baxılmış, Çinin baş prokuroru Szya Çunvan Assosiasiyanın prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov vitse-prezidenti seçilmişlər. Respublikamızın belə mötəbər qurumun rəhbərliyində təmsil olunması ölkəmizin beynəlxalq nüfuzunun artdığını bir daha təsdiq edir.
Konfransdan sonra Çin Xalq Respublikasının dövlət və hökumət başçıları assosiasiyanın yeni seçilmiş rəhbərləri ilə görüşmüşlər.
Səfər çərçivəsində iştirakçı dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş, faydalı danışıqlar aparılmış, hüquqi sahədə əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.