AZƏRBAYCANIN ƏLİL İDMANÇILARI DÜNYA ÇEMPİONATINDA UĞURLA ÇIXIŞ EDƏRƏK, PEKİN PARALİMPİADASINA VƏSİQƏ QAZANMIŞLAR
Yarışda ilk dörd yeri tutan idmançılar 2008-ci ildə Pekində keçiriləcək XIII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanmışlar. Azərbaycan idmançılarından dördü bu şərəfə nail olmuşdur. Uzunluğa tullanma yarışında Afina Paralimpiya Oyunlarının qalibi, Avropa çempionu Oleq Panyutin 6,78 metr nəticə ilə gümüş medal almışdır. Afina Paralimpiadasının mükafatçısı Vladimir Zayets 6,72 metr nəticə ilə 4-cü, üçtəkanla uzunluğa tullanmada isə 14,94 metr nəticə ilə 2-ci yeri tutmuşdur. O, yarışın hər iki növündə Pekin Paralimpiadasına vəsiqə qazanmışdır. Avropa çempionu Yuri Qornak 400 metr məsafəyə qaçışda, Afina Paralimpiya Oyunlarının gümüş medalçısı, Avropa çempionu Zeynidin Bilalov isə üçtəkanla uzunluğa tullanmada bürünc medala sahib olmuşlar.
Beləliklə, Pekin Paralimpiya oyunlarına yollanmaq hüququna hələlik 5 Azərbaycan idmançısı malikdir. Xatırladaq ki, ilkin olaraq müvafiq lisenziyanı tanınmış güllə atıcısı Yelena Taranova qazanmışdır.
Noyabrın 25-dən dekabrın 1-dək paralimpiyaçılar arasında keçiriləcək IX FESPİK Oyunlarında Azərbaycanın digər idmançılarının da Pekin Paralimpiadasına lisenziya əldə etmək şansı vardır.