AZƏRBAYCANIN ƏN BÖYÜK PALÇIQ VULKANLARINDAN BİRİ YENİDƏN FƏALLAŞIB
Azərbaycan Milli Elmlər Akademiyası Yer elmləri bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublikamızda ən böyük palçıq vulkanlarından biri olan Otmanbozdağ vulkanı yenidən fəallaşmışdır. “Qaradağ sement” Açıq Səhmdar Cəmiyyətinin yaxınlığında yerləşən, 403 metr hündürlüyü olan Otmanbozdağdakı bu palçıq vulkanı İyunun 21-də saat 18 radələrində püskürmüşdür. 20-25 metr hündürlüyə qalxan vulkan palçığı (brekçiya) 2 kilometr aralıda yerləşən “Ümid” yaşayış massivi üçün heç bir təhlükə törətməmişdir.
Otmanbozdağ Azərbaycanın ən qədim və böyük palçıq vulkanlarından biridir. O, ilk dəfə 1854-cü ildə püskürüb. İndiki püskürmə sayca səkkizincidir. Vulkan bundan əvvəl 1994-cü ildə fəallaşmışdı.