Azərbaycanın ən yeni tarixində Naxçıvan
Naxçıvan, 1 iyul (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Ordubad rayon təşkilatında “Azərbaycanın ən yeni tarixində Naxçıvan” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq Azərbaycanın ən yeni tarixində Naxçıvan Muxtar Respublikasının yeri və rolu haqqında danışmışdır.
YAP Ordubad rayon təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov, qadınlar şurasının sədri Könül İsmayılova, rayon mərkəzi xəstəxanasının baş həkimi Elmar Zeynalov çıxış edərək bildirmişlər ki, respublika səviyyəsində muxtariyyətinin 90 illiyini qeyd etdiyimiz Naxçıvanın yüksəlişi, inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycana hər iki rəhbərliyi dövründə dahi şəxsiyyət Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilmişdir. Ulu Öndərin rəhbərliyi ilə 1980-ci illərin əvvəllərində Naxçıvanda da böyük sosial quruculuq işləri aparılmışdır. Qədim diyarın sənaye potensialı formalaşmışdır. Bir sözlə, həmin illərdə muxtar respublika öz inkişaf dövrünü yaşamışdır.
Bildirilmişdir ki, 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər. Ümummilli Liderin təklifi ilə muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmışdır. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilmiş və Azərbaycan dövlətinin də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etmək barədə Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir.
Xüsusilə vurğulanmışdır ki, həmin dövrdə muxtar respublika müxtəlif çətinliklərə düçar olsa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Naxçıvan bu vəziyyətdən çıxa bilmiş və bugünkü dinamik inkişaf yoluna qədəm qoymuşdur. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuş, Naxçıvan əsl inkişaf yoluna çıxmışdır.
Sonda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən slaydlar nümayiş etdirilmişdir.