Azərbaycanın FIFA referisi: Avropa çempionatındakı idarəçiliyim UEFA tərəfindən müsbət qarşılandı
Bakı, 3 iyul, AZƏRTAC
Bu idarəçiliyin gələcək təyinatlara müsbət təsir edəcəyini düşünürəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri ötən ay Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan Azərbaycanın FIFA referisi Elçin Məsiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
I kateqoriyaya malik 33 yaşlı referi idarəçiliyinin UEFA-nın Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandığını söyləyib: “Matçlarda idarəçiliyimiz yaxşı səviyyədə alındı, UEFA-nın oradakı komitə üzvləri pozitiv fikirlər səsləndirdilər. Hətta bu yaxınlarda Bakıda səfərdə olmuş UEFA Hakimlər Komitəsinin üzvü Byörn Kuypers idarə etdiyim Çexiya-İngiltərə oyununu tribunadan izləyib, performansımı dəyərləndiribmiş. Halbuki bizim bundan xəbərimiz olmayıb. Matçdan sonra mənimlə bu barədə söhbət etdi, idarəçiliyimi çox bəyəndiyini, razı qaldığını dedi. Əslində, final oyununa namizəd idim. Həlledici matçda iştirak etməyi çox istəyirdim. Bildiyiniz kimi, final görüşünü niderlandlı hakim idarə etdi. Niderland millisi isə yarımfinalda məğlub oldu. Niderland yığması finala vəsiqə qazansaydı, çox güman ki, final matçına təyinat alacaqdım. Əsas odur ki, təəssüratlar yaxşı oldu, uğurlu performansla yadda qaldıq. UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik. Sona qədər bizi orada saxlayıblarsa, bu da yaxşı göstəricidir”.
O, bu təyinatın gələcək karyerasına müsbət təsir göstərəcəyini bildirib: “İnanıram ki, bu amil karyeramız üçün faydalı olacaq. Bizə göstərilən etimadı doğrultmağa və daha yüksək səviyyəli turnirlərə təyinat almağa çalışacağıq. Bu, əsas millilərin Avropa çempionatından sonra qitənin ən böyük ikinci turniridir. Bizə bildirdilər ki, U-21 qitə birinciliyinə təyinat alan hakimlər diqqət mərkəzindədirlər və gələcəkdə əsas yığmalar arasında Avropa çempionatının final mərhələsinə namizədlərdir. Düzdür, həmin səviyyəyə çatmaq üçün hələ müəyyən mərhələlərdən keçəcəyik. Əsas sınaqlardan biri Slovakiyadakı turnir idi və bundan üzüağ çıxdıq. Qarşıdakı avrokubok mövsümündə inamlı idarəçiliklə Avropa çempionatına bir addım da yaxınlaşmağa çalışacağıq”.
E.Məsiyev hakim kimi ən böyük hədəflərini açıqlayıb: “Hər bir hakimin ən böyük arzusu Çempionlar Liqasının final oyununu idarə etməkdir. Mənim də ən böyük hədəflərim Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatına təyinat almaq və bu turnirlərin final oyununu idarə etməkdir. Bilirik ki, bizim kimi ölkələrin nümayəndələri üçün bu, ikiqat çətindir. Ancaq etimadı doğrultmaq və həmin səviyyədə oyunlara təyinat almaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası qrup mərhələsində Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarını idarə edib. O, həmçinin, 1/4 finalın Almaniya – İtaliya (3:2) və yarımfinalın İngiltərə - Niderland (2:1) matçının ehtiyat hakimi olub.