Azərbaycanın gənc musiqiçiləri
Əli Vəliyev
Bakı, 21 dekabr, AZƏRTAC
AZƏRTAC Azərbaycanın beynəlxalq müsabiqələrin laureatları olan istedadlı gənc musiqiçiləri haqqında məqalələr silsiləsinə başlayır.
Bizim ilk müsahibimiz - Bülbül adına orta ixtisas musiqi məktəbinin 10-cu sinif şagirdi, pianoçu, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Əli Vəliyevdir. İstedadlı pianoçu bu ilin oktyabrında Vilnüsdə keçirilən müsabiqədə iştirak edərək Qran-Pri qazanıb.
“Mən Bülbül adına orta ixtisas musiqi məktəbində 1-ci sinifdən oxuyuram. Yaxşı nəticələrə anamın sayəsində, müəllimim Gülnarə xanımın və məktəbin direktoru Teymur müəllimin sayəsində nail olmuşam”, - deyə Əli qeyd edir.
Bir turdan ibarət müsabiqədə pianoçu İ.S.Baxın “Yaxşı temperasiya olunmuş klavir”in 1-ci cildindən “6 nömrəli prelüdiya və fuqa” (lya-minor) əsəri, F.Şopenin etüdü (op.25) və Üzeyir Hacıbəylinin “Sənsiz” romansının fortepiano aranjemanı ilə çıxış edib.
Əlinin pedaqoqu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti Gülnarə Mirzəyeva müsabiqəyə hazırlığın necə getməsi barədə bizimlə təəssüratlarını bölüşür: “Müsabiqələrdə ifa olunan əsərlərə müəyyən tələblər mövcuddur: polifoniya, virtuoz etüd və geniş pyes olmalıdır. Biz respublikamızı təmsil etdiyimizə görə Üzeyir Hacıbəylinin tanınmış əsərini, struktur baxımından mürəkkəb olan “Sənsiz”i seçdik. “Sənsiz”də bizim milli, doğma motivlər səslənir. Mənim üçün mühüm idi ki, o, bunu özü vasitəsilə çatdıra bilsin”.
Pedaqoqun sözlərinə görə, Əli bu cür çətin proqramı özünün qeyri-adi zəhmətkeşliyi sayəsində mənimsəyib. Müsabiqəyə hazırlıq bu ilin yayından başlanmışdı.
“Biz bu səviyyəyə çoxsaatlı məşğələlər nəticəsində gəlib çatdıq. Texnikadan asılı olaraq xeyli tapşırıqlar vardı. Mənim üçün o mühüm idi ki, Əli öz ifası ilə bəstəkarların demək istədiklərini çatdırsın. Əsər ona öz dərisi, öz nəfəsi, ruhunun vəziyyəti kimi doğma olmalıdır”, - deyə Gülnarə Mirzəyeva vurğulayır.
Əlinin sözlərinə görə, o, çıxışdan əvvəl heç həyəcan keçirməyib, nə bu müsabiqədə, nə də o birilərdə.
“Mən təkcə 2-ci sinifdə oxuyanda, ilk müsabiqəmdən əvvəl həyəcanlanmışdım”, - deyə pianoçu bölüşür.
“O, həyəcan keçirməyib, çünki bizim direktor bütün uşaqları çox gözəl ruhlandırır. İkinci sinifdə biz Hendelin konsertini, fa majoru çalmışdıq. Əli bu konserti ilk dəfə Teymur müəllimlə, filarmoniyada onun orkestri ilə çalmışdı”, - deyə Gülnarə Mirzəyeva izah edir.
Əlinin sözlərinə görə, Vilnüsdə müsabiqə zamanı iştirakçılar arasında səmimi ab-hava hökm sürürdü.
“Biz dostluq münasibətləri qurmuşduq, öz aramızda rəqabət görmürdük. Azərbaycandan olan daha bir iştirakçı ilə hərdənbir ünsiyyətdə oluram, o, konservatoriyada oxuyur,” - deyə Əli bizimlə söhbətində qeyd edir.
Gülnarə Mirzəyevanın fikrincə, gənc musiqiçilərin beynəlxalq müsabiqələrə göndərilməsi çox mühümdür. O deyir: “Bu, uşaqlara məşğul olmaq üçün daha çox stimul yaradır”.
Vilnüsdə uğurlu çıxışından sonra Əlini İtaliyaya dəvət etdilər.
“Zalda müsabiqənin meneceri əyləşmişdi. O, Əlinin anasına yaxınlaşıb, çıxışı çox bəyəndiyini və Əlini müsabiqəyə dəvət etmək arzusunda olduğunu bildirib. 15 yaşlı yeniyetmə üçün Romanı görmək, beynəlxalq müsabiqə səviyyəsində çıxış etmək böyük fərəhdir!”, - deyə Gülnara Mirzəyeva qeyd edir.
Bülbül adına orta ixtisas musiqi məktəbinin direktor müavini, Əməkdar müəllim Rəna Vəzirovanın sözlərinə görə, dövlət gənc istedadlara bu və ya digər müsabiqəyə getmək üçün şərait yaradır.
“Belə hallarda biz Mədəniyyət Nazirliyinə müraciət edirik. Orada, ilk növbədə, namizədin xidmətlərini öyrənir, onun ifasına baxır və belə şagirdi dünyaya tanıtmaq üçün lazımi köməklik göstərilir”, - deyə Rəna Vəzirova diqqətə çatdırır.
Əli müsabiqələrdə iştirak etməyi xoşladığını və ölkəmizi yenidən təmsil etmək üçün mütləq İtaliyaya gedəcəyini deyir.