Azərbaycanın hərb tarixi haqqında növbəti kitab çapdan çıxıb
Bakı, 15 may, AZƏRTAC
Milli Müdafiə Universitetin Hərbi Elmi Tədqiqat İnstitutunda “Azərbaycanın hərb tarixi. (XIX əsrdən XX əsrin 20-ci illərinə qədər ən mühüm hərbi-siyasi hadisələrin xronoloji xülasəsi)” II hissə kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifləri universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev və Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur.
Zəngin tarixi mənbələr əsasında dörd hissədən ibarət olan bu əsərdə Azərbaycan hərb tarixinin ən mühüm hərbi-siyasi hadisələrinin xronoloji xülasəsi (XIX əsrdən XX əsrin 20-ci illərə qədər) verilib.
Kitabın ikinci hissəsində Azərbaycanda xanlıqlar dövründəki müharibə və münaqişələr, XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin əvvəllərinə qədər hərb tarixinə aid məlumatlar yer alıb.
Son iki əsrdə Azərbaycanda baş verən hərbi-siyasi hadisələrin mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq, həmin dövr üçün səciyyəvi olan tarixi faktlar bu hissədə təqdim olunub. Burada Rus və İran qoşunlarının Azərbaycan ərazilərinə hücum etməsi, Rusiya ilə İran arasında Gülüstan, Türkmənçay müqavilələrinin imzalanması və digər tarixi faktlar əksini tapıb. Həmçinin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Azərbaycan Ordusunun formalaşması və onun döyüş yolu haqqında xronologiyası verilib.
Kitab Milli Müdafiə Universitetin xüsusi təyinatlı təhsil müəssisələrində “Azərbaycan hərb tarixi” fənnini öyrənən kursantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.