AZƏRBAYCANIN İNDONEZİYADAKI SƏFİRLİYİ 28 MAY - RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə əvvəlcə İndoneziyada zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir İbrahim Hacıyev 1918-ci ildə Şərqdə ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, 1991-ci ildə müstəqilliyin bərpasından və möhkəmlənməsindən, bu işdə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmışdır. O, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda respublikamızın regionda qüdrətli dövlətə çevrildiyini bildirmişdir.
Diplomat Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrindən, regionda sülhə və sabitliyə, habelə inkişafa əngəl törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açmış, bu münaqişə nəticəsində Ermənistanın özünütəcrid vəziyyətinə düşdüyünü diqqətə çarpdırmışdır. Azərbaycan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
İndoneziyadakı diplomatik korpusun duayeni, Sinqapurun səfiri E.Kvonq Fu Azərbaycanın İndoneziyada səfirliyinin açılmasını yüksək qiymətləndirdiyini, bunun ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə inamını bildirmişdir. O, Azərbaycanın son vaxtlar yüksək inkişafını xüsusi qeyd etmişdir.
İndoneziya Xarici İşlər Nazirliyinin əməkdaşlarının, diplomatik korpusun, ictimaiyyətin və mətbuatın təmsilçilərinin iştirak etdiyi tədbirdə Azərbaycan haqqında film nümayiş olunmuşdur.