Azərbaycanın inkişafı stereotiplərə son qoyur
Məqalədə dünyanın bir çox nüfuzlu təşkilatlarında, o cümlədən NATO-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən Azərbaycan ilə bağlı məsələnin həmişə diqqət mərkəzində olması xüsusi vurğulanıb. Müəllif Jül Robən bunun əsl səbəbinin ölkəmizin iqtisadiyyatının sürətli inkişafı, stabilliyin hökm sürməsi və Cənubi Qafqazda aparıcı dövlət olması ilə əlaqələndirib.
NATO-nun cari ilin sentyabrın 4-5-də keçirilən zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilərkən, əksər dövlət başçılarının ölkəmizin münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində tutduğu mövqeyi dəstəkləməsi, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində qəbul olunmalıdır” fikrinə istinad məqalədə yer alıb.
Qərbin bəzi siyasi dairələrində müəyyən qüvvələrin Azərbaycana qara yaxmaq səylərinin ölkəmizin Avropa dövlətləri, xüsusilə Fransa ilə çoxsaylı tərəfdaşlığı sayəsində müvəffəqiyyətsizliyə uğradığı diqqətə çatdırılan məqalədə qeyd olunur ki, SSRİ-dən miras qalan stereotipləri aradan qaldırmaqla son 20 ildə Azərbaycan iqtisadi və sosial sahələrdəki inkişafı ilə Qafqazda lider dövlət olduğunu sübuta yetirib.
Azərbaycanın neft və qaz kimi yeraltı sərvətlərlə zənginliyinin Avropa İttifaqı üçün mühüm strateji tərəfdaşlığa imkan verməsi xüsusi vurğulanan məqalədə son 10 ildə ölkədə işsizliyin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması, əhalinin rifah halının yüksəlməsi, qeyri-neft sektorunun inkişaf etməsi haqqında fransız oxucularına ətraflı məlumat verilib.
Kişi və qadınların hüquqları məsələsinə toxunulan məqalədə Azərbaycanda Fransadan 27 il əvvəl qadınlara səsvermə hüququnun verildiyi xatırlanıb və respublikamızın ideal bir ölkə olduğu diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət aparması, dövlətimizin başçısının ölkəsinin Avropanın yüksək dəyərlərinə inteqrasiya etməsində maraqlı olduğu yazıda qeyd olunub.
Etnik qrupların yaşadığı Azərbaycanın müxtəlif sivilizasiyalar məkanı olduğu bildirilən məqalədə bu sahədə ölkəmizin heç bir problemlə qarşılaşmadığı, Azərbaycanın haqq işinin, apardığı böyük sülhsevər siyasətin ümumilikdə regionun xeyrinə olduğu xüsusi vurğulanıb.
Məqalənin tam mətnini www.contrepoints.org/2014/10/01/183041-azerbaidjan-en-finir-avec-les-stereotypes-frein-au-developpement internet resursu vasitəsilə oxumaq mümkündür.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris