Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılıb
Bakı, 19 may, AZƏRTAC
AMEA Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən iqlim dəyişmələrinin Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyinə təsiri öyrənilir. Bunun üçün əməkdaşlar tərəfindən meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılıb. Tədqiq olunan növlərin taksonomik strukturunun analizi, bu növlərin iqlim dəyişkənliyi şəraitində kateqoriya və statusunun qiymətləndirilməsi, inkişafda olan təhlükəsiz və həssas növlərin müəyyənləşdirilməsi, GİS xəritələşdirmə, riyazi modelləşdirmə əsasında proqnozların verilməsi kimi elmi-fundamental araşdırmalar təhlil edilib. Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan bildirilib.
Tədqiqatların ilkin nəticələrinə görə ölkəmizin meşə landşaftlarında 96 fəsiləyə aid 749 bitki növünün taksonomik strukturu, bioekoloji xüsusiyyətləri, iqlim dəyişkənliyi şəraitində rezistentliyi müəyyənləşdirilib, fotomateriallar toplanıb.
Landşafta əsasən düzənlik, dağlıq, arid və tuqay meşələrində Rosaceae (Gülçiçəklilər), Asteraceae (Asterçiçəklilər), Labiatae (Dodaqçiçəklilər), Orchidaceae (Səhləbçiçəklilər), Cyperaceae (Cilçiçəklilər), Fabaceae (Paxlalılar), Apiaceae (Çətirçiçəklilər), Poaceae (Taxıllar), Ranunculaceae (Qaymaqçiçəklilər), Boraginaceae (Göyzəbankimilər) fəsilələrinə aid 155 cins, 452 növ aşkar edilib. Məlum olub ki, bunlar Azərbaycanın meşə landşaftları florasının inkişafda olan təhlükəsiz növlərdir.
Carex (Cil), Crataegus (Yemişan), Hieracium (Qırğıotu), Pyrus (Armud) Lathyrus (Gülülcə), Oxytropis (İtiqayıq) və Malus (Alma), Prunus (Gavalı), Viola (Bənövşə) cinsləri zəngin növ müxtəlifliyinə (8-32) malikdir. Bu cinslər də Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz və iqlim dəyişmələrinə qarşı dayanıqlı cinslər hesab edilir.
Araşdırmalar göstərir ki, meşə landşaftlarında 1-2 cins və ya növlə təmsil olunan fəsilələr də var. İnstitutun mütəxəssislərinin qənaətinə görə, Alismataceae (Süsənbərçiçəklilər), Aquifoliaceae (Şümşəkimilər), Balsaminaceae (Balzaminkimilər), Buxaceae -(Şümşətçiçəklilər) Cannabaceae (Kənafkimilər), Caryophyllaceae (Qərənfilçiçəklilər) və s. fəsilələr (ümumçilikdə 42 fəsilə) Azərbaycanın meşə landşaftlarında zəif və həssas hesab olunur. Bu fəsilələr çox az sayda növlərlə təmsil olunduqlarından iqlim dəyişmələri şəraitində mühitin əlverişsiz olması, bu növlərin məhv olması, floradan bütöv cins və fəsilənin silinməsinə gətirib çıxara bilər. Bu növlərin status və kateqoriyası müəyyən edildikdən sonra onların park və bağlarda çoxaldılması haqqında tövsiyələrin hazırlanması nəzərdə tutulur.
İnstitutda “Azərbaycanın meşə landşaftlarının bioloji müxtəlifliyinin taksonomik analizi (flora)” monoqrafiyasının və “Azərbaycanın meşə landşaftları flora atlası”nın hazırlanması və nəşri üzrə işlər davam etdirilir.