AZƏRBAYCANIN MİLLİ SIĞORTA BAZARINDA FƏALİYYƏT GÖSTƏRƏN ŞİRKƏTLƏRİN ÖTƏN İL ÜZRƏ STATİSTİK GÖSTƏRİCİLƏRİ
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2004-cü ildə ölkəmizdə fəaliyyət göstərən 29 sığorta təşkilatı tərəfindən verilmiş operativ məlumatlara əsasən 328,9 milyard manat sığorta haqqı yığılmışdır ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə (287,3 milyard manat) müqayisədə 41,5 milyard manat və ya 14,5 faiz çoxdur.
Daxil olan sığorta haqlarının 304,3 milyard manatını və ya 92,5 faizini könüllü sığorta, 24,6 milyard manatını, yaxud 7,5 faizini isə sığortanın icbari növləri təşkil edir. İcbari sığorta növləri üzrə daxil olmuş sığorta haqlarının məbləği 2003-cü il ilə müqayisədə 29,8 faiz artmışdır.
Sığorta haqlarının 159,3 milyard manatı qəza sığortasından, 76,1 milyard manatı yanğın sığortasından, 27,9 milyard manatı könüllü tibbi sığortadan, 16,4 milyard manatı fərdi qəza sığortasından, 11,5 milyard manatı nəqliyyat (yük) sığortasından, 9,5 milyard manatı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından, 8,9 milyard manatı həyat sığortasından, 4,2 milyard manatı mühəndislik sığortasından, 0,06 milyard manatı heyvanların sığortasından, 0,02 milyard manatı kənd təsərrüfatı məhsullarının sığortasından və 15,1 milyard manatı isə icbari sığortanın digər növlərindən daxil olmuşdur.
Keçən il daxil olmuş sığorta haqlarının 2003-cü il ilə müqayisədə 14,5 faiz artmasına baxmayaraq, yanğın, mühəndislik, kənd təsərrüfatı məhsulları sığortaları üzrə nəzərdə tutulandan az vəsait daxil olmuşdur.
Ötən il toplanılmış ümumi sığorta haqlarının 91,9 faizi milli sığorta bazarında fəaliyyət göstərən özəl sığorta təşkilatlarının payına düşür. Hesabat ilində sığorta olunanlara baş vermiş sığorta hadisələri üzrə 70,7 milyard manat sığorta ödənişi verilmişdir ki, bu da daxil olan ümumi sığorta haqlarının 21,6 faizini təşkil edir.